Xəbər verdiyimiz kimi, Bakı Mühəndislik Universiteti (BMU) ilə İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (İDP) çərçivəsində hazırda Koreya Respublikasında təhsil alan IV kurs tələbələri üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib. Bu, xaricdə təhsil alan azərbaycanlı tələbələr üçün magistraturaya ilk dəfə onlayn formada həyata keçirilən qəbul imtahanı kimi tarixə düşüb.
BMU rektoru Yaqub Piriyevin təşəbbüsü ilə gerçəkləşdirilən imtahanlar Dövlət İmtahan Mərkəzi (DİM) və BMU-İNHA İDP-nin birgə təşkilatçılığı ilə baş tutub. İmtahanda 44 nəfər iştirak edib. Bakı vaxtı ilə saat 11:00-da başlayan imtahan 3 saat 30 dəqiqə davam edib. Tələbələr imtahanı İNHA Universitetinin təqdim etdiyi imtahan zalında və DİM tərəfindən hazırlanan proqram vasitəsilə onlayn verib.
Bundan əlavə, namizədlər üçün əsas imtahana hazırlıq məqsədilə 9 aprel tarixində sınaq imtahanı da təşkil olunub. İmtahanda iştirak edən tələbələrin nəticələri xarici dil fənləri üzrə esse tapşırıqları yoxlandıqdan sonra məlum olacaq.
Qeyd edək ki, 3+1 modelinə əsaslanan BMU-İNHA beynəlxalq ikili diplom proqramı çərçivəsində ümumilikdə hal-hazırda 385 tələbə təhsil alır. Onlar 3 il BMU-da , 1 ili isə İNHA Universitetində təhsil almaq hüququnə malikdir. Proqram çərçivəsində hazırda İNHA Universitetində 61 nəfər tələbə təhsilini davam etdirir və onların yay aylarında BMU-İNHA İDP-nin ilk məzunları kimi Azərbaycana dönəcəkləri gözlənilir.
İctimaiyyətlə əlaqələr şöbəsi