Koreya Respublikasında Bakı Mühəndislik Universiteti (BMU) ilə İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (İDP) çərçivəsində Rəhbər Komitənin növbəti iclası keçirilib.
Rəhbər Komitənin iclasları hər semestr bir dəfə olmaqla, ildə iki dəfə keçirilir və bundan öncəki iclas BMU-da təşkil olunmuşdu. Koreyanın İNHA Universitetində baş tutan budəfəki, payız semestri üzrə toplantıda elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, BMU-nun rektoru, professor Havar Məmmədov, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova, BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Manafəddin Namazov, BMU-İNHA İDP-nin direktoru Humay Cəfərli, BMU-İNHA İDP-nin idarə edilməsi üzrə bölmə rəhbəri Hyunjin Yang, BMU-İNHA İDP-nin tədris işləri üzrə mütəxəssisi Əsmər İbadova, İNHA Universitetinin Qlobal Təhsil layihəsi qrupunun dekanı, professor Seungvoo Han, Tədris işləri üzrə vitse-prezident, professor Keeyoung Cho, Tədris işləri üzrə dekanı, professor Jangcheon Cho, və Planlaşdırma və Büdcə üzrə dekanı, professor Sunghyeon Baeck Hyun iştirak ediblər.
İclasda elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, BMU-nun rektoru Havar Məmmədov çıxış ediblər. Çıxışlarda Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunan “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın önəmi, ikili diplom proqramlarının tətbiqinin üstünlükləri, eyni zamanda BMU-İNHA İDP-nin icrası üçün dövlət səviyyəsində atılan addımlar vurğulanıb.
Nicat Məmmədli, həmçinin Azərbaycanda keçirilən daxili imtahan qaydaları haqqında qarşı tərəfə məlumat verib və müxtəlif problemlərin həll yolu ilə bağlı fikirlərini bildirib.
Havar Məmmədov səmərəli əməkdaşlıq nəticəsində indiyə qədər bütün məsələlərin operativ şəkildə həllini tapdığını, təşkilati məsələlərin yüksək səviyyədə həyata keçirildiyini önə çəkib və komitə üzvləri tərəfindən qarşıya çıxan yeni məsələlərə də mütləq şəkildə nəzarət ediləcəyinə ümidvar olduğunu bildirib.
İclasda BMU-İNHA İDP-nin direktoru Humay Cəfərli geniş təqdimatla çıxış edib. Təqdimatda 2022-ci ilin qəbul nəticələri, müvəffəqiyyət göstəriciləri və yaz semestrinin tədris nəticələri, eləcə də gələn ilin büdcəsi, planlaşdırılan fəaliyyətlər və s. məlumatlar iclas iştirakçılarının diqqətinə çatdırılıb. Cari tədris ili üzrə yüksək ballarla qəbul olan tələbə göstəricisinin artması (116 tələbədən 49 nəfəri 600-dən çox, 50 nəfəri isə 500-600 arası bal toplayıb) xüsusi vurğulanıb və növbəti ilin qəbul balı ilə bağlı müzakirələr aparılaraq müvafiq qərarlar qəbul olunub.
Toplantıda gündəlikdə duran digər məsələlər ətrafında geniş müzakirələr aparılıb və səs çoxluğu ilə təsdiq olunub.
Rəhbər Komitə iclası çərçivəsində nümayəndə heyəti İNHA Universitetində yerləşən texnoparklar, Aerokosmik mərkəz və tələbələr üçün yaradılan son dövrün texnikası ilə təmin edilmiş mühazirə otaqları və kitabxana ilə tanış olublar.
Sonra nümayəndə heyəti ilə İNHA Universitetinin rektoru Cho Myeong Voo arasında görüş təşkil edilib. Görüşdə rektor Havar Məmmədov BMU-İNHA İDP ilə bağlı həyata keçirilən işlərdən, tələbələrin hazırlıq səviyyələrindən söhbət açıb. Havar Məmmədov həmçinin, İNHA Universitetinin rektoruna gözəl qarşılama və qonaqpərvərliklərinə görə dərin minnətdarlığını bildirib.
Səfər zamanı nümayəndə heyəti KAİST Universitetinin vitse-prezidenti Man-Sunq Yim ilə də görüşüb və gələcək əməkdaşlığın qurulmasına dair (tələbə və müəllim mübadiləsi, ikili diplom proqramlarının davamlılığın təmin edilməsi) müzakirələr aparılıb Görüş çərçivəsində KAİST Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib. Görüş zamanı bildirilib ki, hazırda universitetdə müxtəlif təhsil pillələri üzrə 47 azərbaycanlı tələbə oxuyur.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi və BMU nümayəndələrinin Koreyaya səfərinin əsas məqsədi “2019-2023 Dövlət Proqramı” çərçivəsində BMU ilə İNHA Universiteti arasında mühəndislik sahəsində həyata keçirilən beynəlxalq ikili diplom proqramına dair müzakirələrin aparılmasıdır.
İctimaiyyətlə əlaqələr şöbəsi