Abituriyentlərə uğurlu karyera imkanları yaradan və daim dinamik inkişafda olan, perspektivli sahələrədən biri də İnşaat mühəndisliyidir. Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti tərəfindən birgə icra olunan beynəlxalq ikili diplom proqramı (BMU-İNHA İDP) bu ixtisası seçən tələbələr üçün bir çox üstünlüklər yaradır.
Hazırda ölkədə İnşaat mühəndisliyi ixtisasını tədris edən ali təhsil müəssisələri arasında yalnız BMU-nu, o cümlədən BMU-İNHA İDP-ni seçməklə cəmi 4 ilə 2 diplom əldə etmək mümkündür. Belə ki, təhsil müddətinin sonunda tələbələrə İNHA Universiteti tərəfindən “Civil Engineering”, BMU tərəfindən isə “İnşaat mühəndisliyi” ixtisasları üzrə bakalavr diplomları təqdim olunur.
Bundan başqa, təhsilalanların Koreya Respublikasında 1 illik tam təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri, habelə təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri də “2019-2023 Dövlət Proqramı” tərəfindən qarşılanır. Proqramın məzunlarının qazanacağı bilik və bacarıqlar qeyd olunan 4 ixtisas üzrə mühəndislik sahələri, tədqiqat, beynəlxalq təhsil, təhlil və inkişaf sahələrini əhatə edəcək.
3+1 modelinə əsaslanan proqrama görə, tədrisin 3 ili BMU, 1 ili isə İNHA Universitetində həyata keçiriləcək. BMU-da 3 illik təhsil müddəti ərzində müvafiq dil bacarıqlarını formalaşdırmaq üçün proqramın şərti olan Koreya dili dərsləri hər semestr tədris olunacaq və tələbələr müvafiq olaraq “TOPİK” sertifikatı əldə etmək üçün imtahanlarda iştirak edəcəklər.
Beynəlxalq ikili diplom proqramına qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək qəbul imtahanlarının (bakalavriat səviyyəsi üzrə) nəticələri və İNHA Universiteti tərəfindən təşkil olunacaq daxili imtahan əsasında aparılır. BMU-İNHA İDP-də Azərbaycan vətəndaşı olan, 2023-cü ildə DİM imtahanlarından uğurla keçən 1-ci ixtisas qrupunun abituriyentləri və minimum 400 bal toplamış namizədlər iştirak edə bilər. Seçim nəticəsində 25 nəfər tələbə İnşaat mühəndisliyi ixtisası üzrə təhsil almaq hüququ qazanacaq.
Bundan əlavə, proqrama müraciət etmiş namizədlər BMU ilə İNHA Universitetinin birgə təşkil etdiyi və yazılı formada olan riyaziyyat, fizika və ingilis dili üzrə daxili imtahandan da uğurla keçməlidir. İxtisasla maraqlanan abituriyentlərin diqqətinə çatdırırıq ki, daxili imtahanda iştirak etmək üçün namizədlər tələb olunan sənədləri onlayn anket formasına daxil etməlidir. Hazırda BMU-İNHA İDP-yə əsasən, ali təhsilin bakalavriat səviyyəsində 2023/2024-cü tədris ili üçün digər ixtisaslarla yanaşı, “İnşaat mühəndisliyi” ixtisası üzrə də sənədlərin son qəbul tarixi 09.08.2023-cü il saat 23:55 müəyyənləşdirilib. BMU-İNHA İDP-ə qəbul üçün daxili imtahan 12 avqust tarixində keçiriləcək. İmtahan nəticələri isə 17 avqust tarixində elan ediləcək.
Məlumat üçün bildirək ki, İnşaat mühəndisliyi ixtisası mühəndis düşüncəsinin, eləcə də inşaat sahəsində təsəvvürün yaradılması üçün bənzərsiz imkanlar verir. İnşaat mühəndisliyi inşaat sahəsində iş görülməsi üçün əsas və ilkin məlumatlar toplusudur. Proqramın məzunları əsas ixtisas üzrə biliklərə yiyələnməklə yanaşı, səriştəli fəaliyyət üçün tələb olunan digər keyfiyyətlər, o cümlədən tədqiqat, beynəlxalq təhsil, təhlil və inkişaf sahəsində bacarıqlar əldə edəcəklər. İxtisas sahibləri gələcəkdə peşakar inşaat mühəndisi kimi, yollar, binalar, körpülər, tunellər, kondisioner, bəndlər, kanalizasiya və kanalizasiya sistemlərinin tikintisi üçün həyata keçirilən genişmiqyaslı layihələr üzərindən karyeralarının təməlini qura və ya davam etdirə bilərlər.
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində icra olunan BMU-İNHA ikili diplom proqramı ilə bağlı ətraflı məlumatı elandan əldə etmək mümkündür.
İctimaiyyətlə əlaqələr şöbəsi