Koreya Respublikasının İNHA Universitetinin rektoru Cho Myeong Voo və professor-müəllim heyəti Bakı Mühəndislik Universitetinin (BMU) müasir dövrün tələblərinə cavab verən zəngin laboratoriyaları ilə tanış olublar.
Qonaqlara Kimya və kimya mühəndisliyi, Kibertəhlükəsizlik, Kompüter, Mexanika mühəndisliyi, Elektronika və digər laboratoriyaların iş prinsipi, burada geniş tədqiqatlar aparmaq üçün yaradılan şərait barədə dolğun informasiyalar təqdim edilib. Təcrübə əsaslı dərslərə və keyfiyyətli tədqiqatlara imkan yaradan laboratoriyalarda tələbələrin öyrəndikləri bilikləri möhkəmləndirməsi, eləcə də real istehsal proseslərinin gedişi, onların idarə edilməsi, tənzimlənməsi qaydaları haqqında praktiki bacarıqlar qazanması diqqətə çatdırılıb.
İNHA Universitetinin rəhbərliyi BMU-da elmi araşdırmalara, tədqiqat təşəbbüslərinin reallaşmasına imkan verən laboratoriyaların qurulmasından məmnunluqlarını bildirib. Bununla yanaşı, universitetdə tədqiqatyönümlü inkişaf istiqamətində atılan addımları, eləcə də nəzəriyyə ilə təcrübənin birləşməsi sayəsində tələbələrin yüksəkixtisaslı kadrlar kimi yetişməsini müsbət qiymətləndiriblər.
Tanışlıq zamanı Koreyanın ən nüfuzlu universitetlərindən olan və geniş elmi-tədqiqat imkanlarına malik İNHA ilə bu istiqamətdə əməkdaşlıq məsələləri nəzərdən keçiriilib.
BMU ilə İNHA arasında 2020-ci ildən “İnşaat mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Elektrik mühəndisliyi” və “Elektronika mühəndisliyi” ixtisasları üzrə beynəlxalq ikili diplom proqramı icra edilir. Proqram çərçivəsində 385 tələbə təhsil alır və bu il onlardan 61 nəfər ilk dəfə məzun olub.
İctimaiyyətlə əlaqələr şöbəsi