Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramına əsasən imzalanmış müqavilə çərçivəsində İnformasiya texnologiyaları ixtisasının tələbələri üçün İNHA Universiteti tərəfindən onlayn formada “Xüsusi mühazirə”lər keçirilib.
İNHA Universitetinin professoru Mr. Jae Hyun Park və və köməkçi müəllimlər - Mr. InKyu Park, Mr. HanHo Lee və Mr. ChangJoo Nam İT sahəsi üzrə süni intellekt, maşın öyrənməsi və dərin öyrənmə, həmçinin smartfonlar üçün sistem və yarımkeçirici çiplər, habelə optik mühəndisliyi və “AI robotics” barədə ətraflı məlumat veriblər.
Bununla yanaşı, müqavilə çərçivəsində təsdiqlənmiş tədris planına əsasən proqramın icra olunduğu tədris planına uyğun olaraq İnşaat mühəndisliyi ixtisası üzrə “Yaradıcı düşüncə və problem həlli” fənninin tədrisinə start verilib. Qeyd olunan fənnin 12 iyul - 4 avqust 2021-ci il tarixlərində İNHA Universitetinin professoru Seungwoo Han və köməkçi müəllimlər - Ji-Eun Choi və Vijay Kakani tərəfindən distant formada həyata keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, BMU ilə İNHA Universiteti arasında mühəndislik ixtisasları üzrə bakalavriat səviyyəsində beynəlxalq ikili diplom proqramının həyata keçirilməsinə ötən il start verilib və bu prosesin icrası davam edir.
İctimaiyyətlə əlaqələr şöbəsi