“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində mühəndislik ixtisasları üzrə Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramı (BMU-İNHA İDP) informasiya texnologiyaları ixtisasına yiyələnmək istəyən abituriyentlər üçün geniş imkanlar yaradır. Belə ki, proqram çərçivəsində ali təhsilin bakalavriat səviyyəsində 2023/2024-cü tədris ili üçün qəbulu həyata keçirilən ixtisaslar sırasında adıçəkilən ixtisas da var.
Həyatımızın bütün sahələrinə dərindən nüfuz edən informasiya texnologiyaları (İT) geniş miqyasda çoxşaxəli istiqamətlər üzrə kommersiya və təşkilati problemləri həll etmək üçün texnologiyanın necə tətbiq olunacağını öyrənir. Bu ixtisasın əsaslarına sahib olmaqla, məzunlar tədqiqat, beynəlxalq təhsil, təhlil və inkişaf sahəsində bacarıqlar qazanacaqlar.
İxtisas tələbələrə kompüter şəbəkəsi layihələndiricisi, kompüter proqramçısı, kompüter sistemləri analitiki, verilənlər bazası inzibatçısı, informasiya təhlükəsizliyi analitiki, veb proqramçı və bir çox müxtəlif istiqamətlərdə peşəkar mütəxəssis kimi karyerasını inkişaf etdirməyə geniş imkanlar açır. Tələbələr gələcəkdə informasiya texnologiyaları üzrə mütəxəssis olaraq, elektron məlumatın müxtəlif formalarının yaradılması, emalı, saxlanılması, qorunması və mübadiləsi üçün lazımi bilik və bacarıqlara yiyələnənmklə, İT-nin tətbiqini tələb edən müxtəlif sahələrdə işləmək imkanı qazanacaqlar.
Proqramın tədrisi 3+1 modelinə əsaslanaraq, 3 il müddətində BMU-da, 1 il müddətində isə İNHA Universitetində nəzərdə tutulur. Təhsil müddətinin sonunda tələbələrə təhsil aldıqları ixtisas üzrə həm BMU, həm də İNHA Universiteti tərəfindən bakalavriat səviyyəsi üzrə diplomlar təqdim ediləcək.
Təhsilalanların Koreya Respublikasında 1 illik tam təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri, habelə təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri də “2019-2023 Dövlət Proqramı” tərəfindən qarşılanır. Proqramın məzunlarının qazanacağı bilik və bacarıqlar qeyd olunan 4 ixtisas üzrə mühəndislik sahələri, tədqiqat, beynəlxalq təhsil, təhlil və inkişaf sahələrini əhatə edəcək.
Beynəlxalq ikili diplom proqramına qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək qəbul imtahanlarının (bakalavriat səviyyəsi üzrə) nəticələri və İNHA Universiteti tərəfindən təşkil olunacaq daxili imtahan əsasında aparılır. BMU-İNHA İDP-də Azərbaycan vətəndaşı olan, 2023-cü ildə DİM imtahanlarından uğurla keçən 1-ci ixtisas qrupunun abituriyentləri və minimum 550 bal toplamış namizədlər iştirak edə bilər. Seçim nəticəsində 35 nəfər tələbə informasiya texnologiyaları ixtisası üzrə təhsil almaq hüququ qazanacaq.
Bundan əlavə, proqrama müraciət etmiş namizədlər BMU ilə İNHA Universitetinin birgə təşkil etdiyi və yazılı formada olan Riyaziyyat, Fizika və İngilis dili üzrə daxili imtahandan da uğurla keçməlidir. Daxili imtahanda iştirak etmək üçün namizədlər tələb olunan sənədləri “onlayn anket forması”na daxil etməlidir (5 iyun tarixindən aktiv olacaq.) Sənədlərin son qəbul tarixi 09.08.2023-cü il saat 23:55-dir. Sənədlər göstərilən tarixədək onlayn anket formasında təqdim edilməlidir.
BMU-İNHA İDP-ə qəbul üçün daxili imtahan 12 avqust tarixində keçiriləcək. İmtahan nəticələri isə 17 avqust tarixində elan ediləcək.
Proqramla bağlı ətraflı məlumatı elandan əldə edə bilərsiniz.
İctimaiyyətlə əlaqələr şöbəsi