Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreyanın İNHA Universiteti arasında 2020/2021-ci tədris ilindən birgə həyata keçirilən ikili diplom proqramı (İDP) üzrə təhsil alan tələbələrlə müsahibələr təşkil olunub.
İDP-nin icra vəziyyəti ilə bağlı monitorinq (5-7 dekabr) keçirmək məqsədilə ölkəmizdə səfərdə olan İNHA Universitetinin Qlobal Təhsil Layihəsi Qrupu tərəfindən aparılan müsahibələrdə proqram çərçivəsində bakalavriat səviyyəsində İnformasiya texnologiyaları, İnşaat mühəndisliyi, Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisaslarında təhsil alan tələbələr iştirak edib.
Müsahibələr proqram əsasında təhsilin keyfiyyəti və səviyyəsi ilə bağlı tələbələrin fikirlərini öyrənmək, o cümlədən dəstəyə ehtiyacı olan istiqamətləri müəyyənləşdirmək və s. məqsədi daşıyıb.
Müsahibə nəticələri ətraflı təhlil olunduqdan sonra tələbələrin rəy və təklifləri nəzərə alınmaqla, proqram üzrə tədrisin daha da təkmilləşdirilməsi məqsədilə tövsiyələrin hazırlanması nəzərdə tutulur.
İctimaiyyətlə əlaqələr şöbəsi