Bakı Mühəndislik Universitetinin (BMU) nəznində fəaliyyət göstərən Xırdalan Kral Seconq İnstitutunun təşkilatçılığı ilə Koreya milli geyimi olan “Hanbok geyinmə təcrübəsi” adlı tədbir keçirilib. Tədbir BMU və İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (İDP) Koreya dili müəllimlərinin dəstəyi ilə ilə baş tutub.
Müxtəlif səviyyələr üzrə Koreya dili dərslərinə qatılan BMU-İNHA İDP-nin 2021 və 2022-ci qəbulu üzrə tələbələri (Cohort 2021 və Cohort 2022) rəngarəng “Hanbok”ları geyinərək təcrübədən keçirib. Onlara müəllimlər tərəfindən “Hanbok”un tarixi haqqında qısa məlumat verilib, həmçinin “Hanbok”un geyinmə qaydası və texnikası nümayiş etdirilib.
Məlumat üçün nəzərə çatdıraq ki, “Hanbok” Koreyanın milli ənənəvi geyimi olaraq qadınlar üçün çoqori (bluzka) və çimadan (don) ibarətdir, paçji isə kişilər üçündür. “Hanbok” əsasən rəsmi görüşlərdə, bayramlarda və festivallarda geyinilir.
Bu tədbir öz növbəsində 2022-ci qəbul qrupu tələbələrinin Koreya Respublikasının İNHA Universitetində “Yay məktəb”inə getməmişdən öncə hazırlığına da kömək məqsədi daşıyıb. “Yay məktəbi” çərçivəsində İNHA tərəfindən təşkil edilmiş ekskursiyalardan biri məhz “Hanbok” geyinmə təcrübəsi və “Hanbok” geyimlərində tələbələrin Seulda yerləşən Gyeongbok Sarayına səfərdir.
İctimaiyyətlə əlaqələr şöbəsi