Bakı Mühəndislik Universitetinin (BMU) professor-müəllim heyəti üçün Cənubi Koreyanın İNHA Universitetində təşkil olunan təlimlər yekunlaşıb. 6 həftə davam edən təlimlər “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində BMU ilə İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramının (İDP) əsas komponentlərindən biridir. Təlimlər qarşılıqlı təcrübə mübadiləsini reallaşdırmaq, BMU-nun professor-müəllim heyəti üçün xüsusi təhsil proqramını təmin etmək, onların bilik və bacarıqlarının adıçəkilən universitetin təhsil təcrübəsi, həmçinin təcrübəli professorları vasitəsilə daha da inkişaf etdirilməsinə nail olmaq məqsədi daşıyıb.
Təlimlərdə universitetdə İnformasiya texnologiyaları ixtisasını tədris edən 7 müəllim (Etibar Seyidzadə, Asif Qanbayev, Əhməd Əhmədzadə, Əli Həsənov, Gülbiçə Zahidova, Xəyalə İbrahimova, Rasim Mahmudov) iştirak edib.
Sonda təlimləri uğurla başa vuran BMU professorlarına sertifikatlar təqdim olunub.
Təlim müddətində iştirakçılar üçün Koreyanın Gyeongju və Busan şəhərlərinə tur da təşkil edilib. Turda Koreyanın tarixi mədəniyyəti, o cümlədən Gyeongju şəhərində muzey, məqbərə və başqa tarixi tikililər haqda məlumatlar veririb.
İctimaiyyətlə əlaqələr şöbəsi