Bakı Mühəndislik Universiteti (BMU) və Cənubi Koreyanın İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramı ilə bağlı təşkil olunan növbəti maarifləndirici tədbir Gəncə şəhərində gerçəkləşib. Gəncə Şəhər Təhsil İdarəsinin təşkilati dəstəyi ilə keçirilən tədbirdə I qrup üzrə sənəd verən 400-ə yaxın (Gəncə şəhərində fəaliyyət göstərən 45 məktəbdən) abituriyent iştirak edib.
Məkan olaraq Məhəmməd Hadi adına 10 nömrəli tam orta məktəbdə baş tutan görüşdə BMU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Manafəddin Namazov universitetin yaranma tarixi, burada tədris olunan mühəndislik ixtisasları barədə danışıb.
Prorektor çıxışında “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində icra olunan BMU-İNHA ikili diplom proqramından ətraflı bəhs edib. Proqramın tam olaraq dövlət tərəfindən maliyyələşdirildiyini söyləyən prorektor burada tədris olunan ixtisasları (Elektronika mühəndisliyi, Elektrik mühəndisliyi, İnşaat mühəndisliyi və İnformasiya texnologiyaları) diqqətə çatdırıb. Mühəndislik ixtisasları üzrə yüksəkixtisaslı kadrların hazırlanmasının önəmini qeyd edən M.Namazov müasir çağırışlara uyğun mütəxəssis olmaq istəyən gənclər üçün BMU-da geniş perspektivlərin olduğunu bildirib.
Tədbirdə BMU-İNHA ikili diplom proqramının direktoru Humay Cəfərli və proqram üzrə baş mütəxəssis Sevinc İskəndərova təqdimatlarla çıxış ediblər.
Çıxışlarda BMU ilə İNHA Universiteti arasında bakalavriat səviyyəsində mühəndislik ixtisasları istiqaməti üzrə ikili diplom proqramının 2020/2021-ci tədris ilindən həyata keçirildiyi qeyd olunub. Eyni zamanda, 3+1 modelinə əsaslanan proqramda tələbələrin 3 akademik ili BMU-da, 1 akademik ili isə Cənubi Koreyanın İNHA Universitetində təhsil alacağı vurğulanıb.
Təqdimatlarda dünyaca məşhur şirkətlərin Cənubi Koreyada yerləşdiyi, həmçinin proqramın tələbələr üçün yaratdığı digər üstünlüklər barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, tələbələr hər iki universitet tərəfindən sinxronlaşdırılan tədris planı əsasında təhsil alacaq, sonda iki diplom əldə edəcəklər. Tələbələrin Cənubi Koreyada 3 həftəlik yay məktəbində iştirakından, eləcə də magistratura və doktorantura təhsillərini orada təqaüdlə davam etdirmək imkanlarından da ətraflı bəhs olunub.
Bununla yanaşı, proqrama aid olan ixtisasların keçid balları, qəbul kvotası, qəbul şərtləri, tədris dili və müraciət forması haqqında vacib informasiyalar məktəblilərə təqdim olunub.
Proqramın idarə edilməsi üzrə bölmə rəhbəri Hyunjin Yang İNHA Universiteti barədə məlumat verərək ali təhsil ocağının Cənubi Koreyanın mühəndislik sahəsində lider universitetlərindən olduğunu deyib. Proqramın yaratdığı imkanları önə çəkən bölmə rəhbəri abituriyentləri bu proqrama müraciət etməyə səsləyib.
Gəncə şəhər 23 nömrəli məktəbin ibtidai sinif müəllimi Əminə Kazımlının moderatorluğu ilə davam edən tədbirdə İNHA Universitetinin tanıtım videoçarxı nümayiş olunub və abituriyentlərə ikili diplom proqramına aid məlumatları özündə əks etdirən bukletlər paylanılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi