“Elektronika mühəndisliyi” ixtisası üzrə tam dövlət təqaüdlü beynəlxalq ikili diplom proqramı

27 İyul 2023
“Elektronika mühəndisliyi” ixtisası üzrə tam dövlət təqaüdlü beynəlxalq ikili diplom proqramı

Müasir günümüzdə elektronika – elm, texnika və istehsalatın elektron cihaz və qurğularının işlənməsi, hazırlanması, tətbiqi ilə məşğul olan əsas elmi istiqamətlərdən biri kimi günbəgün inkişaf edir. Məhz bu inkişafla bağlı günün tələblərindən irəli gələrək, elektronika mühəndisliyi böyük tələbat duyulan əsas ixtisas sahələrindən birinə çevrilib. Bu akademik elm sahəsi bərk cisim fizikası, radiotexnika, telekommunikasiya, idarəetmə sistemləri, siqnalların emalı, sistem mühəndisliyi, kompüter elmləri, cihazqayırma, enerjinin idarə edilməsi, robototexnika və bir çox başqa sahələrdə işlənmiş tətbiqlərin, prinsiplərin, alqoritmlərin həyata keçirilməsi və s. kimi istiqamətləri özündə birləşdirir.

“Elektronika mühəndisliyi” çoxşaxəliliyi baxımından tələbələrə karyera üçün kifayət qədər geniş üfüqlər açır. Bu imkanları dəyərləndirmək istəyən abituriyentlər "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti tərəfindən birgə reallaşdırılan beynəlxalq ikili diplom proqramına (BMU-İNHA İDP) müraciət edə bilərlər. Hazırda ali təhsilin bakalavriat səviyyəsində 2023/2024-cü tədris ili üçün “Elektronika mühəndisliyi” ixtisası üzrə BMU-İNHA İDP-yə dair onlayn qeydiyyat prosesi davam etməkdədir.

3+1 modelinə əsaslanan proqrama görə, tədrisin 3 ili BMU, 1 ili isə İNHA Universitetində həyata keçiriləcək. BMU-da 3 illik təhsil müddəti ərzində müvafiq dil bacarıqlarını formalaşdırmaq üçün proqramın şərti olan Koreya dili dərsləri hər semestr tədris olunacaq və tələbələr müvafiq olaraq “TOPİK” sertifikatı əldə etmək üçün imtahanlarda iştirak edəcəklər.

Təhsilalanların Koreya Respublikasında 1 illik tam təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri, habelə təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri də  “2019-2023 Dövlət Proqramı” tərəfindən qarşılanır. Proqramın məzunlarının qazanacağı bilik və bacarıqlar qeyd olunan mühəndislik sahələri, tədqiqat, beynəlxalq təhsil, təhlil və inkişaf sahələrini əhatə edəcək.

Təhsil müddətinin sonunda tələbələrə İNHA Universiteti tərəfindən “Electronic engineering”, BMU tərəfindən isə “Elektrik və elektronika mühəndisliyi” ixtisasları üzrə bakalavr diplomları olmaqla, 2 diplom təqdim ediləcək.

Beynəlxalq ikili diplom proqramına qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək qəbul imtahanlarının (bakalavriat səviyyəsi üzrə) nəticələri və İNHA Universiteti tərəfindən təşkil olunacaq daxili imtahan əsasında aparılır. BMU-İNHA İDP-də Azərbaycan vətəndaşı olan, 2023-cü ildə DİM imtahanlarından uğurla keçən 1-ci ixtisas qrupunun abituriyentləri  minimum 400 bal toplamış namizədlər iştirak edə bilər. Seçim nəticəsində 35 nəfər tələbə “Elektronika mühəndisliyi” ixtisası üzrə təhsil almaq hüququ qazanacaq.

Bundan əlavə, proqrama müraciət etmiş namizədlər BMU ilə İNHA Universitetinin birgə təşkil etdiyi və yazılı formada olan Riyaziyyat, Fizika və İngilis dili üzrə daxili imtahandan da uğurla keçməlidir. İxtisasla maraqlanan abituriyentlərin diqqətinə çatdırırıq ki, daxili imtahanda iştirak etmək üçün namizədlər tələb olunan sənədləri onlayn anket formasına daxil etməlidir. Hazırda BMU-İNHA İDP-yə əsasən, ali təhsilin bakalavriat səviyyəsində 2023/2024-cü tədris ili üçün digər ixtisaslarla yanaşı, “Elektronika mühəndisliyi” ixtisası üzrə də sənədlərin son qəbul tarixi 09.08.2023-cü il saat 23:55 müəyyənləşdirilib. BMU-İNHA İDP-ə qəbul üçün daxili imtahan 12 avqust tarixində keçiriləcək. İmtahan nəticələri isə 17 avqust tarixində elan ediləcək.

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində icra olunan BMU-İNHA ikili diplom proqramı ilə bağlı ətraflı məlumatı elandan əldə etmək mümkündür.

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər