Bu il BMU-ya yüksək balla daxil olanların 17-si BMU-İNHA ikili diplom proqramının tələbələridir

02 Noyabr 2021
Bu il BMU-ya yüksək balla daxil olanların 17-si BMU-İNHA ikili diplom proqramının tələbələridir

2021/2022-ci tədris ilində Bakı Mühəndislik Universitetinə (BMU) 600-dən çox balla qəbul olanlar sırasında BMU-İNHA ikili diplom proqramı üzrə təhsil alan tələbələr də var. Belə ki, yüksək bal toplayan 54 nəfərin 17-si BMU-İNHA ikili diplom proqramının tələbələridir.

Onlardan 16 nəfəri adıçəkilən proqram üzrə universitetin İnformasiya texnologiyaları, 1 nəfəri isə Elektrik mühəndisliyi ixtisasına qəbul olub.

BMU üzrə ən yüksək nəticə göstərən tələbəmiz BMU-İNHA ikili diplom proqramı çərçivəsində universitetin İnformasiya texnologiyaları ixtisasına 660.9 balla qəbul olan Ayxan Tağıyevdir.

Artıq 2-ci ildir icra olunan və 3+1 modelinə əsaslanan ikili diplom proqramına əsasən tələbələr 3 akademik ili BMU-da, 1 akademik ili isə Cənubi Koreyanın İNHA Universitetində təhsil alacaqlar. Təhsil müddətində tələbələrin 2-ci kursun sonunda 3 həftəlik İNHA Universitetində yay məktəbində iştirakları da nəzərdə tutulur.

Xatırladaq ki, 2020/2021-ci tədris ilində 600-dən çox bal toplamış 50 nəfərin 21-i BMU-İNHA ikili diplom proqramı üzrə təhsil alan tələbədir. Onlardan 20 nəfəri İnformasiya texnologiyaları, 1 nəfəri isə Elektrik mühəndisliyi ixtisasına qəbul olub. BMU üzrə ötən tədris ilində də ən yüksək bal toplamış tələbə sözügedən proqram üzrə universitetin İnformasiya texnologiyaları ixtisasına 660.50 balla daxil olan Əminə İslam olub.

Cari tədris ili üzrə BMU-İNHA ikili diplom proqramının yüksək ballı tələbələri ilə bağlı ətraflı məlumatları aşağıdakı link vasitəsilə əldə etmək mümkündür: https://beu.edu.az/az/page/ikili-diplom-proqrami-251

Məlumat üçün bildirək ki, beynəlxalq ikili diplom proqramına qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qəbul imtahanlarının (bakalavr) nəticələri və İNHA Universitetinin seçimi əsasında aparılır. Proqram üzrə təhsilalanların təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri, Cənubi Koreyada 1 illik təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri “2019-2023 Dövlət Proqramı” tərəfindən qarşılanır. Proqramla bağlı daha geniş informasiyanı https://beu.edu.az/az/page/ikili-diplom-proqrami-185/ linkinə daxil olaraq əldə etmək olar.

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər