2022/2023-cü tədris ilində Bakı Mühəndislik Universitetinin (BMU) Koreyanın İNHA Universiteti ilə birgə həyata keçirdiyi beynəlxalq ikili diplom proqramına (İDP) qəbul üzrə yüksək göstəricilər əldə edilib. Belə ki, bakalavriat səviyyəsində mühəndislik ixtisasları istiqaməti üzrə artıq 3 ildir ki, icra olunan proqrama göstərilən maraq və yüksək müsabiqə vəziyyəti İDP çərçivəsində tədris olunan bütün ixtisaslar üzrə qeydə alınıb.
Qəbula dair nəticələrə görə, proqrama müraciət etmiş 309 abituriyentdən 117 nəfəri tələbə statusunu qazanıb. Bununla da cari il üçün proqram üzrə nəzərdə tutulan tələbə qəbulunun 91,4 %-i uğurla tamamlanıb. Qəbul olan tələbələrin 32 nəfəri İnformasiya texnologiyaları, 32 nəfəri Elektronika mühəndisliyi, 28 nəfəri Elektrik mühəndisliyi, 25 nəfəri isə İnşaat mühəndisliyi ixtisası üzrə təhsil alacaq.
İDP çərçivəsində oxumaq şansı əldə etmiş 117 tələbənin 51 nəfəri 500, 49 nəfəri isə 600 baldan çox nəticə göstərmiş abituriyentlərdir. Bu da son iki qəbul ili ilə müqayisədə 500 və 600 bal toplayan tələbələrin say nisbətində müvafiq olaraq 58% və 54% artım deməkdir.
İDP-yə İnformasiya texnologiyaları ixtisası üzrə qəbul olmuş 32 tələbənin 30-u 600-dən çox, 2-si isə 570-dən artıq, Elektronika mühəndisliyi ixtisası üzrə 14-ü 600-dən çox, 16-sı 500-dən çox bal toplayıb. Bundan başqa, Elektirik mühəndisliyi ixtisası üzrə 18 nəfər 500-dən artıq, 2 nəfər 600-dən çox, İnşaat mühəndisliyi ixtisası üzrə isə 15 nəfər 500-dən artıq, 3 nəfər isə 600-dən çox bal yığıb.
İxtisaslar üzrə ən yüksək nəticə göstərənlər sırasında Zoyarida Rəhimova Fazil qızı 667,5 balla İnformasiya texnologiyaları ixtisasını, Nilufər Hüseynli Aqil qızı 648,7 balla İnşaat mühəndisliyi ixtisasını, Zərifə Daşdəmirli Fuad qızı 643,5 balla Elektronika mühəndisliyi ixtisasını, Amin İslamov Adil oğlu 619,8 balla Elektrik mühəndisliyi ixtisasını seçib.
Yüksək nəticələr vurğulamağa imkan verir ki, BMU-İNHA İDP-nin fəaliyyət planının icrası nəticəsində əsas keyfiyyət göstəricilərindən biri olan daha istedadlı və yüksək bal toplamış tələbələrin proqrama cəlb olunması uğurla təmin edilib.
Qeyd edək ki, bütövlükdə 2022/2023-cü tədris ilində ali təhsil müəssisələrinə qəbulda yüksək bal toplayaraq, ixtisas seçimində BMU-ya üstünlük verən tələbələrin sayında əhəmiyyətli artım tendensiyası müşahidə olunub. Ötən tədris ili ilə müqayisədə BMU-ya qəbul olan tələbələr arasında 600-dən yüksək bal toplayanların sayı 53 nəfərdən 128 nəfərə, 500-dən çox bal toplayanların sayı isə 219 nəfərdən 314 nəfərə yüksəlib. Universitetə bakalaviatura səviyyəsi üzrə qəbul planı ümumilkdə 97.78 faiz dolub.
İctimaiyyətlə əlaqələr şöbəsi