Bakı Mühəndislik Universitetinin (BMU) Xarici dillər kafedrasının təşəbbüsü və təşkilatçılığı ilə Vətən müharibəsinin iştirakçısı, 23 yaşlı qazi Kənan Kərimli ilə görüş keçirilib. Görüşdə kafedranın ingilisdilli ixtisaslarında, eləcə də BMU ilə İnha Universitetinin ikili diplom proqramında təhsil alan I kurs tələbələri iştirak edib.
Xarici dillər kafedrasının müdiri, dosent Ətrabə Gül ölkə Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü və uğurlu siyasət nəticəsində peşəkar ordu quruculuğu sahəsində qazanılan nailiyyətlərdən bəhs edib. O, Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi, həmçinin Azərbaycan əsgərinin gücü, peşəkarlığı, şücaəti, qanı və canı hesabına 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımızın azad edildiyini bildirib. Müharibənin mürəkkəb və çətin relyef şəraitində baş verdiyini xatırladan Ə.Gül şəhidlərimizin, qazilərimizin, əsgərlərimizin cəsarəti və rəşadəti ilə bu gün Azərbaycan bayrağının Qarabağda dalğalandığını vurğulayıb.
Ə.Gül diqqətə çatdırıb ki, görüşün keçirilməsində əsas məqsəd tələbələrin qazilərimizi daha yaxından tanıması, eyni zamanda qazilərimizə onların daima qəlbimizdə olduğunu göstərməkdir. Universitet heyətinin mütəmadi olaraq şəhidlərimizi, qazilərimizi yad etdiyini bildirən kafedra müdiri Vətən müharibəsi ərzində BMU tələbələrinin “Qarabağ Azərbaycandır” layihəsində aktiv iştirakından da söz açıb.
Sonra Kənan Kərimli çıxış edəək bu görüşün onun üçün çox vacib, eyni zamanda ona mənəvi dəstək olduğunu qeyd edib. O, universitetin rektoru, professor Havar Məmmədova xüsusi minnətdarlığını ifadə edib. Bildirib ki, universitet tələbələrə təkcə təhsil vermir, eyni zamanda qazisinə hörmət edən, əsgərinin dəyərini bilən, torpaq uğrunda canını daima fəda etməyə hazır olan əsgər yetişdirir. K.Kərimli belə bir görüşün ərsəyə gəlməsində təşəbbüs irəli sürən Xarici dillər kafedrasına, kafedranın müəllimi Günay Məmmədovaya təşəkkür edib.
Qeyd edək ki, İsmayıllıdan olan K.Kərimli may ayında hərbi xidmətə çağrılıb və orada rabitəçi kursunu keçib. Döyüşlər başlayanda Füzuli istiqamətində döyüşlərə qatılıb. K.Kərimli digər əsgər yoldaşları ilə birlikdə əldə edilən məxfi məlumatları digər bölmələrə çatdırıb. Döyüşün istiqamətini təyin edən bu məlumatlar yalnız canlı şəkildə ötürüldüyündən onlar daima erməni hərbçilərinin diqqət mərkəzində olub. O, bu cür əməliyyatlardan birindən qayıdarkən atəşə məruz qalıb və nəticədə sağ ayağını itirib, bədənindən çoxsaylı qəlpə yaraları alıb. Qəlpələrdən bir neçəsi hələ də bədənində olan qazimiz yaxın günlərdə növbəti dəfə əməliyyat olunacaq.
İctimaiyyətlə əlaqələr şöbəsi