Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş “Təhsilin inkişafında innovativ metodlar II” müsabiqəsində qaliblər sırasında yer alıb.
Müsabiqənin 13 finalçısından ikisi BMU-İNHA İDP tələbələri - Murad İbrahimov və Ayxan Ələkbərov olub. Nəticələrə əsasən, “LearnEd” təqdimatı ilə Ayxan Ələkbərov 2-ci yeri tutub. Bununla yanaşı, universitetin digər tələbəsi Murad İbrahimov müsabiqənin final mərhələsində iştirakına görə təltif edilib. Digər iştirakçılar-Səid Quluzadə və Nihad Məhərrəmov isə diploma layiq görülüb.
Qaliblərin mükafatlandırılması mərasimində Elm və Təhsil Nazirliyinin nümayəndələri, ali təhsil müəssisələrinin rəhbər şəxsləri, özəl və dövlət qurumlarının nümayəndələri və tələbələr iştirak ediblər.
Müsabiqə Ulu Öndərin elmə, təhsilə və gənclərə qayğısını rəhbər tutaraq, tələbələrə təhsilin inkişafına töhfə verə biləcək ideya və təkliflərini təqdim etmək üçün imkan yaratmaq və onları dəstəkləmək məqsədi daşıyıb. Müsabiqəyə təqdim olunan ideya və təkliflər “Təhsildə inklüzivlik”, “Təhsildə nəticəyönlü idarəetmə”, “Tədris prosesində və idarəetmədə İKT-nin tətbiqi”, “Erkən və məktəbəqədər təhsil”, “Qeyri-formal və informal təhsil”, “Ömürboyu təhsil”, “İqlim dəyişikliyinə qarşı mübarizədə keyfiyyətli təhsilin rolu” kimi prioritet sahələri əhatə edib.
İctimaiyyətlə əlaqələr şöbəsi