Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri “48-ci ICPC NERC - Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin yarımfinal mərhələsi və “Cənubi Qafqaz Açıq Çempionatı”nda iştirak edib.
BMU-nu beynəlxalq müsabiqələrdə kompüter elmləri ixtisasının III kurs tələbəsi Sadiq Məlikov, BMU-İNHA İDP-nin informasiya texnologiyaları ixtisasının I kurs tələbəsi Yelmar Fərhadov və informasiya texnologiyaları ixtisasının I kurs tələbəsi Nihat Alməmmədlidən ibarət “BEU 3” komandası (komanda rəhbərləri-Kompüter və informasiya texnologiyaları kafedrasının baş müəllimi Etibar Seyidzadə və Rauf Süleymanlı) təmsil edib.
BMU ilə yanaşı, Azərbaycanın 15 ali təhsil müəssisəsindən 20 komandanın (hər komandada 3 tələbə və komanda rəhbəri) qatıldığı tədbirlər Gürcüstan Respublikasının Kutaisi şəhərində baş tutub.
NERC regionu üzrə yarımfinal komanda müsabiqəsində Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Ermənistan respublikaları və Rusiya Federasiyasının ali təhsil müəssisələrindən 276 komanda iştirak edib.
“Cənubi Qafqaz Açıq Çempionatı”na isə 55 komanda qatılıb. Müsabiqədə iştirakçılara 5 saat ərzində 12 alqoritmik məsələnin proqramını tərtib etmək və avtomatik qiymətləndirmə sistemində sınaqdan keçirmə tapşırığı verilib. “Cənubi Qafqaz Açıq Çempionatı”nın 90 nəfər arasında təşkil olunan fərdi müsabiqəsində isə iştirakçılara 4 saat ərzində 10 alqoritmik məsələnin proqramını tərtib etmək və avtomatik qiymətləndirmə sistemində sınaqdan keçirmə tapşırığı verilib.
Mükafatlandırma mərasimində BMU-nun “BEU 3” komandası “48-ci ICPC müsabiqəsinin yarımfinal mərhələsində və “Cənubi Qafqaz Açıq Çempionatı”nda komanda müsabiqələrində “Fərqlənmə sertifikatı”na layiq görülüb.
“Cənubi Qafqaz Açıq Çempionatı”nda fərdi müsabiqədə isə Sadiq Məlikov III dərəcəli diploma, Yelmar Fərhadov “Yüksək nailiyyət” sertifikatına, Nihat Alməmmədli “Fərqlənmə sertifikatına layiq görülüblər.
İctimaiyyətlə əlaqələr şöbəsi