Bakı Mühəndislik Universiteti və İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramının (BMU-İNHA İDP) ikinci il qəbulunun - 2021/2022-ci tədris ilinin 83 tələbəsi IV kurs üzrə təhsilini İNHA Universitetində davam etdirmək üçün 17-18 avqust tarixlərində Koreya Respublikasına yola düşəcək.
Bununla əlaqədar olaraq rektor Yaqub Piriyev tələbələrlə görüşüb, təhsillərini BMU-da müvəffəqiyyətlə başa vurmaları, sonuncu kursu isə Koreyada davam etdirməyə hazırlaşmaları münasibətilə onları təbrik edib.
Rektor “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətindən bəhs edib, dövlət vəsaiti hesabına gənclərə xarici ölkələrin nüfuzlu universitetlərində yaradılan təhsil imkanlarından danışıb. Eyni zamanda Prezident cənab İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiqlənən bu kimi proqramların əsas məqsədinin qlobal çağırışlara uyğun olaraq yeni texnologiyaları öyrənən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli peşəkar kadrların hazırlanması olduğunu diqqətə çatdırıb.
Yaqub Piriyev bildirib ki, BMU-İNHA İDP hər bir tələbəyə peşəkar mühəndis kadrlar kimi yetişmək, Koreyanın təhsil təcrübəsini öyrənmək, o cümlədən bu ölkənin nüfuzlu şirkətləri ilə yaxından tanış olmaq, beynəlxalq tələbə mühitində dostlar qazanmaq, xüsusilə 4 ildə iki diplom əldə etmək fürsəti yaradır. Rektor savadlı gənc mütəxəssislərin Azərbaycanın inkişafına xidmət edən dəyərli insan kapitalı olduğunu vurğulayaraq proqram çərçivəsində təhsil alan tələbələrin beynəlxalq təcrübə əsasında yüksək hazırlıqlı kadrlar kimi yetişib ölkəmizin uğurlu gələcəyinə töhfə verəcəklərinə əminliyini söyləyib.
Rektor tələbələri Koreyada təhsillərində intizamlı olmağa, dərslərinə məsuliyyətli yanaşmağa, ölkəmizin adını uca tutmağa, Azərbaycanın Koreyadakı səfirliyinin keçirdiyi tədbirlərdə fəal olmağa çağırıb, yaxşı mütəxəssis kimi yetişmək üçün onlara gərəkli tövsiyələrini verib.
Sonra BMU-İNHA İDP-nin direktoru Humay Cəfərli, İDP üzrə layihə direktoru Yang Hyunjin çıxış edərək tələbələrə zəruri prosedurlar barədə məlumat veriblər.
Tədrisi 3+1 modeli əsasında qurulan proqramın şərtlərinə əsasən, tələbələr bakalavriat səviyyəsində informasiya texnologiyaları, inşaat mühəndisliyi, elektrik mühəndisliyi və elektronika mühəndisliyi ixtisasları üzrə 3 akademik ili BMU-da, 1 akademik ili isə İNHA Universitetində təhsil almalıdırlar.
Sonuncu kursu cari il sentyabr ayının 2-dən etibarən İNHA Universitetində davam etdirəcək 83 tələbə 19 avqustdan başlayaraq yeni mühitdə tədris prosesinə çevik uyğunlaşmaq məqsədilə intensiv şəkildə baza əsaslı dərslərə qatılacaq.
İctimaiyyətlə əlaqələr şöbəsi