Bakı Mühəndislik Universiteti (BMU) Bakı Ekspo Mərkəzində təşkil olunan 1-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisində iştirak edib.
BMU ali təhsil müəssisələri arasında sərgidə təmsil olunan yeganə universitet olub. Ali təhsil ocağı sərgiyə Ukraynanın “Professor Katsenbax və tərəfdaşları” adlı mühəndislik şirkətinin, “Ukrayna İnşaat Mühəndislik və Texniki Axtarışlar İnstitutu”nun və “Sosial Sahibkarlığın İnkişafı və Təlim Mərkəzi” MMC-nin təşkilati dəstəyi və əməkdaşlığı çərçivəsində qatılıb.
BMU-nun ukraynalı tərəfdaşları ilə birlikdə təmsil olunduğu stenddə universitetin mövcud ixtisasları, Koreyanın İNHA Universiteti ilə icra olunan ikili diplom proqramı, SABAH qrupları və yeni yaradılan Kibertəhlükəsizlik magistr proqramı haqqında məlumatlar buklet və roll-ap vasitəsilə nümayiş edilib. İştirakçılara universitetin fəal iki tələbəsi (Aydan Qafarova və Çinarə Mustafayeva) və Texnoparkın Baş mütəxəsisi Arif Nəcimov tərəfindən təqdim edilən stenddə, həmçinin tələbələr tərəfindən hazırlanmış müasir və innovativ evin-tikilinin maketləri də yer alıb.
Xatırladaq ki, bir müddət öncə BMU-nun Memarlıq və dizayn kafedrasının müəllimi, tanınmış rəssam Tünzalə Məmmədzadənin rəhbərliyi ilə universitetin Dizayn ixtisasının tələbələri Qarabağda park layihələri hazırlamışdılar. Tələbələr işğaldan azad olunmuş torpaqlarımızda istədikləri regionu seçərək həmin əraziyə uyğun park layihəsi təqdim etmişdilər. Eyni zamanda, BMU-nun Memarlıq və Dizayn kafedrasının baş müəllimi Nikrouz Forouzandeh Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən keçirilən “Qədim Qarabağın yenilənən siması” adlı müsabiqədə iştirak etmişdi. Onun digər memarla birlikdə təqdim etdiyi layihə münsiflər heyətinin qərarına əsasən Ağdam rayonunun Sarıcalı kəndi üzrə 3-cü yerə layiq görülmüşdü. Sözügedən sərgidə BMU-nun Memarlıq və dizayn kafedrasının tələbələri (Ayşən Bağırova, Pikəxanım Bağırova, Tükəzban Məmmədli və Hüseyn İmanov) tərəfindən hazırlanmış 3 ədəd müasir və innovativ evin-tikilinin maketi, həmçinin tələbələrin və müəllimlərin müxtəlif məzmunlu eskiz-layihələrin video nümayişi də təqdim olunub.
Sərgidə Azərbaycan Respublikasının Energetika naziri, Ukraynanın Azərbaycandakı səfiri, Ukraynanın Azərbaycandakı Diaspora Təşkilatın sədri, Almaniyanın Bakıdakı Səfirliyindən 1-ci katib, BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının rəhbəri, digər şirkətlər və ziyarətçilər stendə yaxınlaşaraq BMU haqqında zəruri məlumatlar alıblar.
Eyni zamanda, BMU-İNHA ikili diplom proqramının idarə edilməsi üzrə bölmə rəhbəri Hyunjin Yang sərgiyə baş çəkib, stendlə və sərgi iştirakçıları ilə yaxından tanış olub.
Qeyd edək ki, 1-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” Rebuild Karabakh sərgisi Qarabağ ərazisinin işğaldan azad edilərək geri qaytarılması və fəal şəkildə bərpa olunması ilə əlaqədar olaraq keçirilir. Dövlət qurumları və həm yerli, həm də xarici şirkətlərdən ibarət olan sərgi iştirakçıları Qarabağ ərazisində həyata keçirməyi planlaşdırdıqları və ya artıq həyata keçirdikləri layihələri, eləcə də regionu təmin etmək üçün çatdırmağa hazır olduqları məhsulları, habelə, yerli istehsalın təşkili, infrastruktur obyektlərinin inşası üzrə planları və s. bir platformada təqdim etmək üçün unikal imkan yaradılmışdır. Sərgi 3 gün (20-22 oktyabr 2021) davam edib.
Sərgi haqqında daha ətraflı məlumatı bu linkdən əldə etmək olar: https://rebuildkarabakh.az/az-main
İctimaiyyətlə əlaqələr şöbəsi