Bakı Mühəndislik Universitetinin (BMU) 16 nəfərdən ibarət professor-müəllim heyəti üçün Koreya Respublikasının İnçon şəhərində təşkil olunan təlimlər davam edir. İkili diplom proqramı çərçivəsində Elektrik mühəndisliyi və İnşaat mühəndisliyi ixtisasları üzrə tədrisi həyata keçirən BMU əməkdaşlarının İNHA Universitetində iştirak etdiyi təlimlərin IV həftəsi yekunlaşıb.
Həftə ərzində İnşaat mühəndisliyi istiqamətinə uyğun olaraq, İNHA Universitetinin professoru Jin Hoon Jeong tərəfindən örtük mühəndisliyi (pavement engineering) təlimləri baş tutub. Təlim çərçivəsində professor Jin Hoon Jeong INHA universitetində apardığı 7 əsas elmi araşdırma haqda məlumat verib, eyni zamanda onun təşkilatçılığı ilə Koreyanın müxtəlif özəl və dövlət qurumlarının nümayəndələri hazırda üzərində işlədikləri layihə və tətbiq etdikləri metodlar haqda təqdimatları nəzərə çatdırıblar.
Professor Yeun Chul Parkın təşkilatçılığı ilə “Incheon Bridge” inşaatı üzrə sahə gəzintisində olan BMU əməkdaşlarına layihədə istifadə olunan tikinti metodları və avadanlıqları haqda məlumat verilib, hazırda istifadədə olan körpünün innovativ ağıılı idarəetmə mərkəzi ilə tanış ediliblər.
Elektrik mühəndisliyi istiqamətinə uyğun olaraq, təlimlər dosent Gilsu Choi tərəfindən “Electric və Smart Grid” dərsi üzərindən keçirilib.
Dr. Insu Kim tərəfindən aparılan “Smart grid” dərsinin təlimlərində isə ağıllı şəbəkələrdə reaktiv gücün idarə edilməsi, günəş enerjisi sistemlərinin idarə edilməsi, güc axını alqoritmləri, qısaqapanmanın analizi, istilik və güc sistemləri, enerjinin ötürülməsi, şəbəkələrin modelləşdirilməsi, sistemlərin mühafizəsi, sistemlərin etibarlılığı və s. mövzulara toxunulub.
Qeyd edək ki, hazırda Koreyanın İnçon şəhərində gerçəkləşdirilən təlimlər BMU ilə İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının əsas komponentlərindən biridir. Cari ildə proqramın iki istiqaməti üzrə təşkil olunan təlimlərin avqustun 18-də yekunlaşması nəzərdə tutulur.
Ictimaiyyətlə əlaqələr şöbəsi