Bakı Mühəndislik Universitetinin (BMU) 2020/2021-ci tədris ili üçün bakalavr və magistratura səviyyələri üzrə tələbə qəbulu planı təsdiqlənib.
Ali təhsilin bütün səviyyələrində təhsil aparan BMU-nun bakalavr pilləsində 29 ixtisas üzrə ümumilikdə 1210 plan yeri ayrılıb. Onlardan 640 yer Azərbaycan bölməsi, 15 yer rus bölməsi, 555 yer isə ingilis bölməsi üçün nəzərdə tutulub.
Növbəti tədris ili üçün daha bir yeniliklər də öz əksini tapıb. Belə ki, bakalavr pilləsi üzrə qəbul planında yeni ixtisaslar - İnformasiya təhlükəsizliyi, Radiotexnika və telekommunikasiya mühəndisliyi, Nəqliyyatda servis (nəqliyyat növləri üzrə) ixtisasları yer alıb.
Digər yenilik ondan ibarətdir ki, Elektrik və elektronika mühəndisliyi, İnformasiya texnologiyaları və İnşaat mühəndisliyi ixtisaslarında bakalavr hazırlığı Koreya Respublikasının İnha Universiteti ilə birgə ikili diplom proqramları üzrə dövlət sifarişi əsasında aparılacaq.
Təsdiqlənmiş qəbul planına uyğun olaraq, BMU-nun magistr pilləsində 15 ixtisas və 19 ixtisaslaşma üzrə 160 yer ayrılıb. Onlardan 125 yer Azərbaycan bölməsinin, 35 yer ingilis bölməsinin payına düşür.
BMU-nun MBA proqramında isə 6 ixtisaslaşma üzrə 275 yer ayrılıb. Onlardan 210 yer Azərbaycan, 65 yer isə ingilis bölməsi üçün nəzərdə tutulub.
Bakalavr pilləsində ingilis dilində tədris olunan ixtisaslarda müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılır. Memarlıq ixtisası üzrə qabiliyyət imtahanı nəzərdə tutulmayıb.
BMU-nun növbəti tədris ili üçün bakalavr və magistratura səviyyələri, həmçinin MBA proqramı üzrə tələbə qəbulu planında yer alan ixtisasların tam siyahısı ilə aşağıdakı linklər vasitəsilə tanış olmaq mümkündür.
http://beu.edu.az/az/page/abituriyent-39/
http://beu.edu.az/az/page/magistratura-ixtisaslar-159
İctimaiyyətlə əlaqələr şöbəsi