Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev ikili diplom proqramı çərçivəsində tələbələr üçün “Yay məktəbi”ndə tədrisə cəlb edilən Koreya Respublikasının İNHA Universitetinin 22 nəfərdən ibarət professor-müəllim heyəti ilə görüşüb.
Qonaqları salamlayan Yaqub Piriyev Prezident cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunan “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətini, xüsusilə texniki sahədə yüksəkixtisaslı kadrların hazırlanmasının ölkəmiz üçün prioritet təşkil etdiyini diqqətə çatdırıb. Bildirib ki, sənədə uyğun olaraq 2020-2021-ci tədris ilindən BMU ilə İNHA Universiteti arasında ikili diplom proqramının icrasına başlanılıb və bu il 61 tələbə bu proqramdan məzun olub. İlk buraxılış mərasimində İNHA Universitetinin rektoru Cho Myong Voonun iştirakının məzunlar və onların valideynlərində xoş ovqat yaratdığını qeyd edən Yaqub Piriyev proqramın tələbələrə gərəkli bilik və bacarıqlar qazandırdığına əminliyini, həmçinin tədris prosesinin davamı olan ənənəvi “Yay məktəbi”nin təhsilalanların savad və təcrübələrinin artırılmasında müsbət rol oynadığını söyləyib.
BMU və İNHA arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini önə çəkən rektor bu yaxınlarda imzalanan Niyyət Məktubuna toxunub, sənədin hər iki tərəfin tələbələri üçün təhsil təcrübəsi və imkanlarını artırmaq məqsədi daşıdığını, eləcə də İNHA Universitetinin proqram məzunlarının 10%-nə bu universitetin magistr proqramlarına qəbul olunduqları təqdirdə tam təqaüd ayıracağını deyib.
Nümayəndə heyəti adından çıxış edən İNHA Universitetinin Mühəndislik fakültəsinin dekanı Jaehyun Park səmimi qəbul üçün rektora minnətdarlığını bildirib, “Yay məktəbi”nin tələbələrin nəzəri və təcrübi biliklərinin artırılmasındakı rolundan danışıb. Proqram üzrə təhsil alan tələbələrin dərsə intizamlı münasibətindən razı qaldıqlarını deyən dekan “Yay məktəbi” üçün lazım olan bütün şəraitin yaradıldığını vurğulayıb.
Koreyalı müəllimlərə uğurlar arzulayan rektor Yaqub Piriyev müxtəlif fənlər üzrə tədrisin aparılmasını həyata keçirən müəllimlərlə və nümayəndə heyətinin tərkibində təmsil olunan İNHA-nın özbək əsilli əməkdaşları ilə səmimi söhbət edib, tədris etdikləri fənlərlə yaxından maraqlanıb.
Görüş İNHA Universitetinin professor-müəllim heyətinə hədiyyələrin təqdim olunması və xatirə fotolarının çəkdirilməsi ilə başa çatıb.
İctimaiyyətlə əlaqələr şöbəsi