BMU-nun rektoru STP-nin baş icraçı direktoru ilə görüşüb

15 Noyabr 2023
BMU-nun rektoru STP-nin baş icraçı direktoru ilə görüşüb

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev Sumqayıt Texnologiyalar Parkı (STP) Şirkətlər Qrupunun baş icraçı direktoru Hicran Valehovla görüşüb.

Sənayenin inkişafının Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi siyasətin əsas prioritetlərindən biri olduğunu deyən Yaqub Piriyev son illərdə sənayeləşmə prosesinin daha da sürətləndiyini, bu istiqamətdə sistemli tədbirlərin həyata keçirildiyini vurğulayıb. Rektor regionun ən geniş imkanlara malik ilk texnologiya parkı olaraq STP-nin yaradılmasının və şirkətin ötən zaman kəsiyindəki səmərəli fəaliyyətinin Azərbaycanda sənaye sahəsində gerçəkləşdirilən uğurlu siyasətin əyani təzahürü olduğunu bildirib.

Çıxışında universitet-sənaye əməkdaşlığının önəminə diqqət çəkən rektor əmək bazarının ehtiyaclarının müəyyənləşdirilməsi əsasında müasir kompetensiyalara malik, rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadr hazırlığında birgə fəaliyyətin vacibliyindən danışıb.  Bu baxımdan STP ilə əməkdaşlığın qarşılıqlı fayda verəcəyinə ümidvar olduğunu bildirən Yaqub Piriyev BMU-da kadr hazırlığı istiqamətində həyata keçiriləcək yeniliklər barədə məlumat verib. Eyni zamanda, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə qəbul edilən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində BMU ilə Koreya Respublikasının (Cənubi) İNHA Universiteti arasında mühəndislik ixtisasları üzrə icra olunan ikili diplom proqramından danışıb. Proqram üzrə təhsilini başa vuracaq tələbələrin, həmçinin BMU-da müvafiq ixtisaslar üzrə məzunların STP-də işlə təminatı məsələlərinə də toxunan rektor əməkdaşlığın daha da irəli aparılması üçün digər mümkün imkanları vurğulayıb.

STP Şirkətlər Qrupunun baş icraçı direktoru Hicran Valehov universitet-sənaye əməkdaşlığının formalaşdırılması, bu əlaqələrin daha da genişləndirilməsinə maraq göstərdiklərini bildirib. Rəhbərlik etdiyi qurumun çoxşaxəli fəaliyyətindən söz açan Hicran Valehov perspektiv planda dayanan əsas məqsədləri sadalayıb və bu hədəflərin gerçəkləşdirilməsi üçün yüksəkixtisaslı kadrlara ciddi ehtiyacın yarandığını söyləyib. Baş icraçı direktor insan resurslarına, o cümlədən sənayenin müxtəlif istiqamətləri üzrə mühəndis kadrlara olan tələbatın təmin edilməsində BMU ilə sıx əməkdaşlığın uğurlu nəticələr verə biləcəyini qeyd edib.

Görüşdə STP-də təcrübə keçən BMU tələbələrinin sayının artırılması, mühəndislik sahəsində peşəkar kadrların hazırlanması istiqamətində birgə işin aparılması, həmçinin elmi-tədqiqat sahəsində əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub.

Qarşılıqlı maraq doğuran istiqamətlər üzrə geniş fikir mübadiləsindən sonra “Sənaye-universitet işbirliyi” mövzusunda təqdimatlarla çıxış edən BMU-nun Kimya mühəndisliyi kafedrasının müdiri Yusif Abdullayev və Sənaye mühəndisliyi kafedrasının müdiri Pərviz Həsənov konkret layihə və təklifləri nəzərə çatdırıblar.

Görüşün sonunda qonaqlar BMU-nun laboratoriyaları və Texnoparkı ilə yaxından tanış olublar.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər