Hörmətli həmkarlar, əziz tələbələr! Sizləri yeni tədris ilinin başlanması və Bilik Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm!
Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, təhsil sistemində də islahatlar yeni mərhələdə davam etdirilir. Dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı ilə son illərdə təhsilin maddi-texniki bazası gücləndirilib, keyfiyyət göstəriciləri daha da artırılıb.
Bildiyiniz kimi, mövcud pandemiya vəziyyəti ilə əlaqədar olaraq yeni tədris ilinə fərqli bir şəraitdə qədəm qoyuruq. Epidemioloji vəziyyətdən asılı olaraq tədris prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın və Təhsil Nazirliyinin qərar və tələblərinə uyğun olaraq müəyyən edilən formada davam etdiriləcək. Belə bir şəraitdə hər birimizin qarşısında duran ən ümdə vəzifə tədris prosesini və tədrisə marağın azalmamısını uğurla təmin etmək, eyni zamanda müvafiq qaydalara əməl etməklə sağlamlığımızı qorumaqdır. Bu məqsədlə universitetimiz bir sıra yeni layihələrin həyata keçirilməsini nəzərdə tutur və bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Vurğulamaq istərdim ki, Bakı Mühəndislik Universiteti tədrisin mövcud şəraitə uyğun davam etdirilməsi üçün bütün lazımi tədbirləri həyata keçirib. Universitetimiz pandemiya dövründən əvvəl də elektron universitet kimi fəaliyyət göstərib. Elektron tədris, onlayn tədris platforması, elektron universitet idarəetmə sistemi və digər elektron xidmətlər Bakı Mühəndislik Universitetində mövcud olub və bu imkanlar daha da təkmilləşdirilib, tədrisin onlayn formada təşkili üçün heç bir maneə qalmayıb.
Onu da qeyd etmək istərdim ki, koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, həmçinin universitet heyətinin sağlamlıqlarını qorumaq məqsədilə hər həftə universitetimizdə tibbi-profilaktik və dezinfeksiya tədbirləri həyata keçirilir.
Bakı Mühəndislik Universiteti gənc universitet olaraq ali təhsilin bütün səviyyələrində mühəndislik, iqtisadiyyat və idarəetmə, memarlıq və inşaat, pedaqoji sahələr üzrə kadrların hazırlığını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan qabaqcıl ali təhsil müəssisəsidir. Burada tədris prosesini təmin etmək üçün müasir auditoriyalar, ən son avadanlıqlarla təchiz olunmuş laboratoriyalar, tədris və elmi ədəbiyyat fondu olan kitabxana, internet şəbəkəsinə qoşulmuş kompüterlərlə təchiz edilmiş otaqlardan istifadə imkanı mövcuddur. Universitet üçün yeni korpusun tikintisi də başa çatmaq üzrədir.
Bakı Mühəndislik Universiteti 2020/2021-ci tədris ilinə bir sıra yeniliklərlə qədəm qoyur. Belə ki, yeni tədris ilindən ilk dəfə olaraq Cənubi Koreyanın İnha Universiteti ilə İnşaat mühəndisliyi, İnformasiya texnologiyaları, Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisasları üzrə ikili diplom proqramının həyata keçirilməsinə başlanılır. Bununla yanaşı, universitetimizin nəzdində Xırdalan Seconq İnstitutunda yeni tədris ilindən ödənişsiz Koreya dili kursları təşkil olunacaq.
Digər bir yenilik ondan ibarətdir ki, cari tədris ilində universitetdə İnformasiya təhlükəsizliyi, Radiotexnika və telekommunikasiya mühəndisliyi, Nəqliyyatda servis (nəqliyyat növləri üzrə) kimi yeni ixtisaslar yaradılıb. Ümumilikdə son dövrlər Bakı Mühəndislik Universitetində hazırki əmək bazarında daha çox tələb olunan 15 yeni ixtisas yaradılıb.
Qeyd etmək istərdim ki, bu il Bakı Mühəndislik Universitetinin magistratura səviyyəsi üzrə qəbul planında uğurlu göstəricilər qeydə alınıb. Belə ki, universitetə magistratura səviyyəsi üzrə qəbul planı 100 faizə yaxın olub. Bakalavriat səviyyəsi üzrə də uğurlu nəticənin əldə olunacağını gözləyirik. Hazırda ali təhsil ocaqlarına yeni qəbul olunan və tələbə adını qazanan abituriyentlərin ixtisas seçimləri davam edir. Əziz abituriyentlər, inanıram ki, topladığınız ballara əsasən Bakı Mühəndislik Universitetində təklif olunan ixtisaslara müraciət edəcəksiniz.
Qarşıdakı dövrdə Bakı Mühəndislik Universitetində təhsil alan tələbələrin əmək bazarında özlərinə iş tapmaları, həmçinin istehsalatla kadr ixtisası arasındakı əlaqələrin inkişafı istiqamətində görülən işlər də gücləndiriləcək və bununla bağlı yeni layihələr icra olunacaq. Universitet tələbələrinin təcrübə yerlərinin müəyyənləşdirilməsi, məzunlarının işlə təmin edilməsi məqsədilə nüfuzlu özəl və dövlət qurumları ilə əməkdaşlıq yeni müstəvidə davam etdiriləcək.
Təsadüfi deyil ki, bu gün universitetimizin məzunları dünyanın tanınmış universitetlərində təhsillərini davam etdirməklə yanaşı, nüfuzlu şirkətlərdə çalışırlar. Bundan əlavə, tələbələrimiz hər il ölkə və beynəlxalq miqyaslı olimpiadalarda iştirak edərək yüksək nailiyyətlər əldə edirlər.
Yeri gəlmişkən, onu da nəzərə çatdırım ki, Bakı Mühəndislik Universitetində tələbələrin yaşayışı və asudə vaxtlarının təşklil üçün hərtərəfli şərait mövcuddur. Universitetin ən müasir tələblərə cavab verən, oğlanlar və qızlar üçün nəzərdə tutulan iki böyük yataqxanası fəaliyyət göstərir. Həmin yataqxanaların maddi-texniki bazasının gücləndirilməsi daima diqqətdə saxlanılır.
Hörmətli həmkarlar, əziz tələbələr! Qarşıda bizi məsuliyyətli və yeni dövrün tələblərinə uyğun tədris ili gözləyir. Əminəm ki, bu tədris ilinin çətinliklərinə birlikdə qalib gələcəyik və tədris prosesinin uğurla həyata keçirilməsinə nail olacağıq. Sizləri bir daha yeni dərs ilinin başlanması münasibətilə təbrik edir, dərslərinizdə və şəxsi həyatınızda müvəffəqiyyətlər diləyirəm!