Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb.
Rektor Havar Məmmədov ölkələrimiz arasında mövcud münasibətlərdən bəhs edib, hər iki qardaş ölkənin hərbi və siyasi sahələrdə sıx əməkdaşlıq etdiyini vurğulayıb. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə qarşılıqlı əlaqələrin daha da inkişaf etdiyini bildirən rektor Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan 2-ci ölkə olduğunu xatırladıb və Azərbaycanın haqlı mövqeyinin hər zaman Pakistan tərəfindən dəstəkləndiyini fikirlərinə əlavə edib. Havar Məmmədov 44 günlük Vətən müharibəsində Pakistan xalqı və hakimiyyətinin daima Azərbaycanın yanında olduğunu, öz mənəvi dəstəyini əsirgəmədiyini xüsusi qeyd edib.
Görüşdə professor Havar Məmmədov BMU-nun yaranma tarixi, mövcud fakültələr və tədris olunan ixtisaslar, maddi-texniki baza və profesor-müəllim heyəti, həmçinin universitetin yataqxanaları barədə səfirə ətraflı məlumat verib. Rektor bildirib ki, BMU ali təhsilin bakalavr, magistratura və doktorantura səviyyələri üzrə mühəndis kadrlarının hazırlığını həyata keçirən qabaqcıl ali təhsil müəssisəsidir. Bununla yanaşı, hazırda BMU tələbələrinin 60%-dən çoxunun ingilis dilində təhsil aldığını diqqətə çatdırıb.
Universitetin beynəlxalq əlaqələrinə toxunan rektor BMU-nun Pakistanın Sir Syed Mühəndislik və Texnologiya Universiteti, Khwaja Fareed Mühəndislik və İnformasiya Texnologiyaları Universiteti, həmçinin İdarəetmə və Texnologiya Universiteti ilə sıx əməkdaşlıq etdiyini bildirib. Təhsil sahəsində ikitərəfli əməkdaşlıqdan bəhs edən rektor BMU-da pakistanlı tələbələrin təhsil aldığını da söyləyib.
Rektor, həmçinin BMU ilə Cənubi Koreyanın İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramı haqqında qonağa məlumat verib və BMU-İNHA ikili diplom proqramında 4 ixtisas- İnformasiya texnologiyaları, İnşaat mühəndisliyi, Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisasları üzrə kadr hazırlığının həyata keçirildiyini deyib.
Pakistanın Azərbaycandakı səfiri Bilal Haye səmimi qəbula görə minnətdarlığını ifadə edib. O, Prezident İlham Əliyevin qətiyyəti sayəsində əzəli Azərbaycan torpaqlarının işğalçılardan azad olunmasından və əldə edilən tarixi qələbədən söz açıb.
Bilal Haye 2 ölkə arasında mövcud əlaqələrdən danışaraq təhsil sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb, Pakistan Mühəndislik Şurasının fəaliyyəti barədə zəruri informasiyaları nəzərə çatdırıb. Pakistanlı tələbələrin və professorların BMU-ya cəlb olunmasında, eyni zamanda, azərbaycanlı tələbələrin də öz ölkəsində təhsil almasında maraqlı olduqlarını bildirən səfir hər iki tərəf üçün faydalı ola biləcək əməkdaşlıq zamanı yarana biləcək problemlərin həll edilməsində öz dəstəyini əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə gələcək əməkdaşlıqla bağlı digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi