Bakı Mühəndislik Universitetinin (BMU) 118 tələbəsi Koreya Respublikasında təşkil olunan “Yay məktəbi”ndə iştirak edəcək. “Yay məktəbi” BMU və Koreyanın İNHA Universiteti arasında icra olunan tam dövlət təqaüdlü beynəlxalq ikili diplom proqramı (IDP) çərçivəsində təşkil olunur. Bu münasibətlə BMU-nun rektoru, professor Havar Məmmədov Koreyaya yola düşəcək tələbələrlə görüşüb.
Havar Məmmədov Prezident cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunan “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın gənc mütəxəssislərin yetişdirilməsində, yüksəkixtisaslı kadr hazırlığının təşkilində, ölkəmizin intellektual potensialının formalaşdırılmasında böyük roluna və əhəmiyyətinə diqqət çəkib. Rektor bildirib ki, proqramın icrası dövlət başçısının bir tərəfdən ölkə gənclərinə, təhsilə olan diqqət və qayğsının, digər tərəfdən isə gənc universitet olan BMU-ya böyük etimad və yüksək diqqətinin göstəricisidir. Proqram çərçivəsində azərbaycanlı tələbələrin xaricdə təhsil imkanlarının genişləndirilməsini tarixi şans adlandıran rektor tələbələr üçün yaradılan bu əvəzsiz fürsəti yüksək dəyərləndirib, yüksəkixtisaslı kadr kimi yetişmək üçün proqramdan maksimum faydalanmağı tövsiyə edib.
BMU ilə Koreyanın İNHA Universiteti arasında 2020/2021-ci tədris ilindən gerçəkləşdirilən ikili diplom proqramına əsasən, əvvəlki illərdə də təşkil olunan “Yay məktəbi” təcrübəsini xatırladan Havar Məmmədov tələbələrə müvafiq təlimat, nəsihət və tövsiyələrini verib. “Yay məktəbi” iştirakçılarının yalnız BMU-nu deyil, ümumilikdə Azərbaycanı təmsil etdiklərini nəzərə çatdıran rektor onlara ölkəmizin adını uca tutmağı, getdikləri ölkənin tarixi və mədəniyyətinə böyük hörmət və diqqətlə yanaşmağı, eləcə də qayda-qanunlarına ciddi riayət etməyi məsləhət görüb.
Görüşdə o da qeyd edilib ki, Koreyanın İnçon şəhərində 28 iyul - 18 avqust tarixlərini əhatə edəcək “Yay məktəbi”nin təşkili BMU və İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramının əsas komponentlərindən biridir. Həmçinin tələbələrin 3 həftəlik “Yay məktəbi”ndə iştirak xərclərinin “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” tərəfindən qarşılandığı vurğulanıb. Bundan əlavə, tələbələrin Koreyaya ümumilikdə 3 qrup olmaqla, mərhələli şəkildə yola salınacağı, ilk səfərdə iki qrupun 27 iyul tarixində, sonuncu - üçüncü qrupun isə 30 iyul tarixində yola düşəcəyi bildirilib.
Görüşdə universitetin tədris işləri üzrə prorektoru, professor Həmzağa Orucov, BMU-İNHA İDP-nin idarə edilməsi bölməsinin direktoru Humay Cəfərli, BMU-İNHA İDP üzrə layihə direktoru Yang Hyunjin da çıxış ediblər və Koreyaya yola düşəcək tələbələrə uğurlar diləyiblər.
Tədbir tələbələrə rəhbərlik edəcək müəllimlərin təlimatlandırma xarakterli çıxışları ilə davam edib.
İctimaiyyətlə əlaqələr şöbəsi