Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov İNHA Universitetinin nümayəndələri ilə görüşüb.
Görüşdə İNHA Universitetinin Qlobal təhsil layihə idarəetmə qrupunun dekanı Jung Ho Kim, dekan müavini Seungwoo Han, Beynəlxalq qəbul üzrə dekan müavini Kang Cheonghoon, BMU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Manafəddin Namazov, BMU-İNHA ikili diplom proqramının direktoru Humay Cəfərli və proqramın idarə edilməsi üzrə bölmə rəhbəri Hyunjin Yang, BMU-İNHA ikili diplom proqramı üzrə baş mütəxəssis Sevinc İskəndərova iştirak edib.
Rektor Havar Məmmədov qonaqları universitetdə görməkdən məmnunluğunu bildirib. Rektor çıxışında Prezident cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunmuş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində BMU-İNHA ikili diplom proqramında 4 ixtisas- İnformasiya texnologiyaları, İnşaat mühəndisliyi, Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisasları üzrə kadr hazırlığının həyata keçirildiyini xatırladıb. Tələbələrin sayına görə ölkədə həyata keçirilən ikili proqramlar içərisində BMU-İNHA ikili diplom proqramının ilk yerdə qərarlaşdığını vurğulayan rektor bu proqram üzrə artıq 2-ci ildir ki qəbulun aparıldığını diqqətə çatdırıb. Havar Məmmədov bu illər ərzində həyata keçirilən işlərdən və gələcəkdə qarşıda duran məsələlərdən bəhs edib.
Qlobal təhsil layihə idarəetmə qrupunun dekanı Jung Ho Kim səmini qəbula görə təşəkkür edib. Dekan çıxışında proqram çərçivəsində BMU müəllimlərinin Koreyaya göndərilməsi məsələsinə toxunub, həmçinin tələbələrin 2-ci kursun sonunda Cənubi Koreyada 3 həftəlik yay məktəbində iştirakından söz açıb. Proqram üzrə tələbə sayının ötən ilə nisbətən artdığını vurğulayan dekan proqramın gedişatından razı olduğunu söyləyib. O, hər semestrin sonunda monitorinqlərin təşkil olunduğunu sözlərinə əlavə edib. Bununla yanaşı, tələbələrin yay məktəbində koreyalı professorlarla xüsusi görüşlərin keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.
Görüşdə BMU-İNHA ikili diplom proqramı çərçivəsində tələbələrin yay məktəbində iştirakı, istehsalat təcrübəsi haqqında geniş fikir mübadiləsi aparılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi