Bakı Mühəndislik Universitetinin (BMU) professor-müəllim heyəti Cənubi Koreyanın İNHA Universitetində 11 iyul - 19 avqust tarixlərində keçiriləcək 6 həftəlik təlimdə iştirak edəcəklər. Təlimin əsas məqsədi BMU ilə İNHA Universiteti arasında icra olunan ikili diplom proqramına (İDP) əsasən qarşılıqlı təcrübə mübadiləsini reallaşdırmaq, BMU-nun professor-müəllim heyəti üçün xüsusi təhsil proqramını təmin etmək, onların bilik və bacarıqlarının adıçəkilən universitetin təhsil təcrübəsi, həmçinin təcrübəli professorları vasitəsilə daha da inkişaf etdirilməsinə nail olmaqdır. İlk təlim İnformasiya texnologiyaları ixtisası üzrə tədrisi həyata keçirən müəllimlər üçün nəzərdə tutulub.
Bununla əlaqədar BMU-nun rektoru, professor Havar Məmmədov təlimdə iştirak edəcək müəllimlərlə (Etibar Seyidzadə, Asif Qanbayev, Əhməd Əhmədzadə, Əli Həsənov, Gülbikə Zahidova, Xəyalə İbrahimova, Rasim Mahmudov) görüşüb.
Rektor Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində davam etdirilən islahatlar, ölkədə ali təhsil sisteminin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi istiqamətində gerçəkləşdirilən tədbirlər və qəbul olunan müvafiq dövlət proqramlarından danışıb. Ali təhsil ocağının rəhbəri bu gün ölkədə təhsil sahəsində yaradılan şəraitin gənclərə, o cümlədən təhsil arzusunda olan hər kəsə sonsuz imkanlar yaratdığını, Azərbaycan vətəndaşına dünyanın ən nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq hüququ qazandırdığını bildirib.
Havar Məmmədov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində BMU ilə İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının əsas komponentlərindən birinin proqram üzrə professor-müəllim heyəti üçün Koreyada təlimin keçirilməsi olduğunu vurğulayıb.
Dövlət Proqramının əsas hədəfləri sırasında ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsinin yer aldığını önə çəkən rektor bu baxımdan BMU ilə İNHA arasında həyata keçirilən proqramın tələbələrə müstəsna üstünlüklər verdiyini, 4 ixtisas (İnformasiya texnologiyaları, İnşaat mühəndisliyi, Elektrik mühəndisliyi, Elektronika mühəndisliyi) üzrə ikili diplomun onlar üçün unikal və tarixi fürsət olduğunu diqqətə çatdırıb.
Təhsil sahəsində ölkələrarası qarşılıqlı təcrübə mübadiləsinin faydalarından da danışan rektor Koreyada təşkil olunacaq təlimin BMU-nun tədris prosesinə töhfə verəcəyinə ümidvar olduğunu söyləyib.
BMU-İNHA İDP-nin direktoru Humay Cəfərli proqram çərçivəsində aparılan işlərdən söz açıb, eyni zamanda təlimin təşkili, istiqamətləri və nəticələri haqda ətraflı məlumat verib.
Proqramın idarə edilməsi üzrə bölmə rəhbəri Hyunjin Yang Koreyaya ilk dəfə səfər edənlərin bilməli olduğu zəruri informasiyaları nəzərə çatdırıb, onları fərqli mədəniyyətlər baxışından öz ölkəsinin adət və ənənələri ilə tanış edib. Layihə direktoru səfər müddətində müəllimlər üçün nəzərdə tutulan tədbirlər haqda da məlumat verib.
Görüşdə o da qeyd edilib ki, uğurla icra olunan BMU-İNHA ikili diplom proqramına bakalavriat səviyyəsi üzrə artıq 2 qəbul həyata keçirilib, hazırda isə 3-cü qəbul üzrə onlayn qeydiyyat prosesi davam etməkdədir. Bu prosesin 10 avqust 2022-ci il saat 23:55-də yekunlaşması planlaşdırılır.
Sonda rektor Koreyaya ezam olunacaq professor-müəllim heyətinə zəruri tapşırıq və tövsiyələrini verib, onlara uğurlar arzulayıb.
İctimaiyyətlə əlaqələr şöbəsi