Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov ikili diplom proqramı çərçivəsində tələbələr üçün təşkil edilən “Yay məktəbi”ndə tədrisə cəlb olunan İNHA Universitetinin 18 nəfərdən ibarət professor - müəllim heyəti ilə görüşüb.
Görüşdə qonaqları BMU-da görməkdən məmnunluğunu dilə gətirən Havar Məmmədov Prezident cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunan “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın ölkəmizin gələcəyi üçün əhəmiyyətini vurğulayıb. Bu sənədə uyğun olaraq, BMU ilə Koreyanın İNHA Universiteti arasında 2020/2021-ci tədris ilindən gerçəkləşdirilən ikili diplom proqramından (İDP) bəhs edən rektor proqrama əsasən, sayca ikinci “Yay məktəbi”nin təşkil olunduğunu xatırladıb.
Ali təhsilin bakalavriat səviyyəsində mühəndislik ixtisasları istiqaməti üzrə həyata keçirilən BMU-İNHA İDP-nin əsas hədəfinin yüksəkixtisaslı kadr hazırlığına yönəldiyini vurğulayan Havar Məmmədov proqram üzrə aparılan tədrisin keyfiyyətinin daha da artırılması, tədrisin yüksəldilməsində tərəflərin səylərinin gücləndirilməsinin vacibliyini önə çəkib və bu baxımdan professor-müəllim heyətinin mübadiləsinin, qarşılıqlı səfərlərin təşkilinin faydalarına toxunub. Koreya nümayəndə heyəti tərəfindən BMU-da keçirilən “Yay məktəbi”nin 3 həftə davam edəcəyini deyən rektor onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Nümayəndə heyətinə rəhbərlik edən İNHA Universitetinin “Qlobal Təhsil Layihəsi” qrupunun dekanı Kyungjin Min səmimi qəbul üçün rektora minnətdarlıq edib və Bakının daha da inkişafı ilə bağlı xoş təəssüratlarını paylaşıb. BMU-İNHA İDP-nin icrasının qarşılıqlı məmnunluq doğurduğunu bildirən Kyungjin Min proqram üzrə aparılan işləri nəzərə çatdırıb, həmçinin 118 tələbənin İNHA Universitetində təşkil olunacaq növbəti “Yay məktəbi”ndə iştirakını təmin etmək üçün tam hazır olduqlarını deyib.
Sonra rektor proqramın icra istiqamətlərinə uyğun müxtəlif fənlər üzrə tədrisin aparılmasını həyata keçirən müəllimlər, o cümlədən nümayəndə heyətinin tərkibində təmsil olunan İNHA-nın iki özbək əsilli əməkdaşı ilə səmimi söhbət edib, tədris etdikləri fənlər, tələbələrə münasibət, ölkəmizlə bağlı təəssüratları ilə maraqlanıb.
Görüş qarşılıqlı hədiyyələrin təqdim olunması və xatirə şəklinin çəkdirilməsi ilə yekunlaşıb.
İctimaiyyətlə əlaqələr şöbəsi