BMU-nun rektoru Havar Məmmədov İNHA Universitetində növbəti təlimə qatılcaq heyətlə görüşüb

07 İyul 2023
BMU-nun rektoru Havar Məmmədov İNHA Universitetində növbəti təlimə qatılcaq heyətlə görüşüb

 

Bakı Mühəndislik Universitetinin (BMU) professor-müəllim heyəti üçün Koreya Respublikasının İNHA Universitetində növbəti təlim (10 iyul - 18 avqust) keçiriləcək. Təlimdə BMU-nun Elektrik mühəndisliyi və İnşaat mühəndisliyi ixtisasları üzrə tədrisi həyata keçirən 16 nəfərdən ibarət professor-müəllim heyəti iştirak edəcək. Bununla əlaqədar BMU-nun rektoru, professor Havar Məmmədov təlimə qatılacaq müəllimlərlə görüşüb.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunan “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətini vurğulayan Havar Məmmədov təlimin BMU ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (İDP) əsas komponentlərindən biri olduğunu deyib.

BMU-İNHA İDP çərçivəsində Rəhbər Komitənin həm Koreya, həm də Bakıda keçirilən iclaslarını xatırladaraq, orada müzakirə olunan məsələlərin nəticələrinə diqqət çəkən rektor ikili diplom proqramının beynəlxalq təcrübə əsasında mühəndislik sahələrində müasir bilik və bacarıqlara yiyələnmiş, yüksək potensiallı, uğurlu mütəxəssis hazırlığına töhfə verdiyini bildirib.

Tədbirdə qeyd olunub ki, Koreyanın İnçon şəhərində baş tutacaq təlimin məqsədi beynəlxalq təhsil əməkdaşlığı layihəsinə əsasən, BMU-nun professor-müəllim heyəti üçün xüsusi təhsil proqramını təmin etməkdir. Professor-müəllim heyətinin İNHA Universitetinin təcrübəli professorları vasitəsilə öz bilik və bacarıqlarını daha da inkişaf etdirməsi də təlimin əsas məqsədləri sırasında yer alıb.

Görüşün sonunda rektor təlimdə iştirak edəcək professor-müəllim heyətinə müvafiq tövsiyələrini verib, onlara uğurlar arzulayıb.

Xatırladaq ki, ötən ilin 11 iyul - 19 avqust tarixlərində baş tutan 6 həftəlik ilk təlimdə BMU-da İnformasiya texnologiyaları ixtisası üzrə tədrisi həyata keçirən müəllimlər iştirak edib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər