Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşları üçün Koreya Respublikasının İNHA Universitetində təşkil olunmuş təlimlər davam edir. BMU-nun Elektrik mühəndisliyi və İnşaat mühəndisliyi ixtisasları üzrə tədrisi həyata keçirən 16 nəfərdən ibarət professor-müəllim heyətinin iştirak etdiyi təlim proqramının ilk həftəsi artıq başa çatıb.
Həftə ərzində İNHA Universitetinin İnşaat Mühəndisliyi departamentinin rəhbəri və professor - müəllim heyəti ilə görüş keçirilib. Ardınca İNHA Universitetinin professoru Jong-Han Leenin rəhbərliyi ilə “Structural engineering” təliminə başlanılıb. Təlimdə xüsusən elmi araşdırmalarda geniş istifadə edilən “Matrix structural analysis” mövzusu, tətbiq dairəsi nümunələrlə nəzərə çatdırılıb, həmçinin İNHA Universitetinin İnşaat mühəndisliyi departamentində tətbiq olunan “SAP 2000”, “ATENA”, “ABAQUS”, “ANSYS”, “ETABS”, “STAAD PRO”, “OPENSEES” proqram təminatları barədə geniş məlumat verilib.
İNHA Universitetinin professoru Yeun Chul Park isə iştirakçılara İnşaat mühəndisliyi departamenti, kafedraları (structural engineering, Geotechnical engineering, Water resources, Geospatial engineering, Construction management, Environment, Road engineering), professor – müəllim heyəti və onların hazırda apardıqları elmi tətdiqat işləri, süni intellekt və onun inşaat mühəndisliyinə tətbiqi və s. haqda danışıb.
Elektrik mühəndisliyi istiqaməti üzrə keçirilən təlimlərə isə İNHA Universitetinin professoru Tae In Kimin təqdimatında “Elektronika dövrələri” fənni üzrə mühazirə ilə başlanılıb. Mühazirəçi təlim iştirakçılarına mikroelektronika haqqında ümumi anlayış, analoq və rəqəm siqnallarının növləri, yarımkeçirici materiallar və onlarda baş verən fiziki proseslər, elektronika və mikroelektronika, elektron sistemi, dövrələr, cihazlar və onların növləri, bipolyar, unipolyar və İGBT tranzistorlar barədə məlumat verib. Təlimdə elektrik yükləri, fiziki kəmiyyətlər: İ,U və R. dövrə elementləri, aktiv və passiv elementlər, sabit cərəyan dövrələri, rezistiv dövrələr, dövrələrin növləri, düyün və qovşaqlar, müxtəlif növ qoşulmuş dövrələr, onların parametrlərinin təyin edilmə üsulları, tətbiq edilən fundamental qanunlar, həmin qanunlar əsasında sabit cərəyan dövrələrinin hesablanma üsulları, qovşaq və düyünlərin analizinə baxılıb.
Həftə ərzində davam edən təlimlərdə əməliyyat gücləndiriciləri, xətti əməliyyat gücləndiriciləri, superpozisya üsulları və Tvenin ilə Norton ekvivalentlik teoremləri məsələlərinə diqqət yetirilib, iştirakçılar yarımkeçiricilərin fizikası, diodlar və növləri və s. barədə məlumatlandırılıb. Bundan əlavə, doktor İn Su Kimin “Enerji sistemləri mühəndisliyi” fənni çərçivəsində enerji sistemləri, elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanılması və s. haqda geniş materiallar təqdim edilib.
Qeyd edək ki, BMU ilə İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının əsas komponentlərindən biri kimi təşkil olunan təlimlər avqustun 18-də yekunlaşacaq.
İctimaiyyətlə əlaqələr şöbəsi