Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşları (Avtomatika və elektroenergetika kafedrasının dosentləri Nəcəf Orucov və Şəmsi Nəsirov, Mexanika mühəndisliyi kafedrasının dosenti Natiq Rzayev və assistenti Süleyman Soltanov, Texnoparkın baş mütəxəssisi Arif Nəcimov) bərpa olunan enerji mənbələri üzrə təlimlərdə (14-19 yanvar) iştirak edir.
Ekoloji Tədqiqatlar Mərkəzinin və Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin təşkilati dəstəyi və Bakı Ali Neft Məktəbinin təşəbbüsü ilə keçirilən təlim zamanı təcrübəli mütəxəssislər tərəfindən günəş enerjisi, külək enerjisi, geotermal enerji və biokütlə enerjisi barədə məruzələr təqdim olunacaq, müxtəlif mövzularda qrup işləri və təqdimatlar təşkil ediləcək. Təlimin sonunda iştirakçılara sertifikatlar veriləcək.
Müasir dövrdə alternativ və bərpa olunan enerji mənbələri üzrə kadr hazırlığına olan tələbatın daha da artması bu məsələni aktuallaşdırmaqla yanaşı, yeni tədris proqramların hazırlanmasını da zəruri edir. Bu baxımdan qeyd olunan istiqamətdə bir neçə ali təhsil ocağında müvafiq işlər görülməkdədir.
Məlumat üçün bildirək ki, BMU-da “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində BMU-İNHA ikili diplom proqramına start verilib. 2020/2021-ci tədris ilindən icra olunmağa başlanan proqram çərçivəsində əsasən 4 ixtisas (Elektrik mühəndisliyi, Elektronika mühəndisliyi, İnşaat mühəndisliyi və İnformasiya texnologiyaları) üzrə kadr hazırlığı aparılır. Tələbələrin 3 akademik ili BMU-da, 1 akademik ili isə Cənubi Koreyanın İNHA Universitetində təhsil alması nəzərdə tutulur. Sonda tələbələr iki diplom əldə etməklə yanaşı, həm ingilis, həm də Koreya dillərində əmək bazarı üçün peşəkar mühəndis kimi tam hazır olacaqlar.
Bu günlərdə Səudiyyə Ərəbistan Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron" Külək Elektrik Stansiyasını inşasına başlaması isə gələcəkdə yerli və peşəkar mütəxəssislərə tələbatı daha da artıracaq.
İctimaiyyətlə əlaqələr şöbəsi