“BMU-İNHA ikili diplom proqramını seçməyimin əsas səbəbi hər iki universitetin kifayət qədər tanınması və iki diplomla nəinki Azərbaycanda, hətta digər ölkələrdə də gələcək iş həyatım, karyeram üçün böyük imkanlar yaratmasıdır”.
Bu fikirləri Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının İNHA Universitetinin birgə icra etdiyi ikili diplom proqramının tələbəsi Nuray Cumayeva bildirib.
Proqramın 2022/2023-cü tədris ili qəbulu üzrə İnformasiya texnologiyaları ixtisasının I kurs tələbəsi BMU-INHA İDP-nin üstün cəhətlərinə toxunub: “BMU-İNHA ikili diplom proqramı vaxt itkisinə yol vermədən, əlavə xərc çəkmədən eyni zamanda iki ayrı-ayrı universitetin diplomunu əldə etmək və gələcəkdə Koreyada magistratura və doktorantura təhsilini davam etdirmək imkanı yaradır”.
Tələbə vurğulayıb ki, proqram çərivəsində tədrisin iki dildə aparılması da əsas üstünlüklərdəndir: “Proqram ingilis dilində biliklərimi mükəmməlləşdirməklə yanaşı, yeni xarici dil - Koreya dilini öyrənməyimə də imkanlar yaradır. Bununla yanaşı, proqrama xaricdən dəvət edilən professor-müəlim heyəti proqramın üstün cəhətlərindən biridir. Təşkil olunacaq “Yay məktəbi” dövründə isə biz “Kia”, “Hyundai”, “LG”, “Samsung” kimi məşhur Koreya şirkətlərinin iş fəaliyyəti ilə yaxından tanış olmaq şansı əldə edəcəyik”.
Nuray Cumayeva abituriyentlərə BMU-İNHA İDP-nin onlara yaratdığı geniş imkanlardan yararlanmağı, bu fürsəti qaçırmamağı tövsiyə edib.
İctimaiyyətlə əlaqələr şöbəsi