BMU-İNHA ikili diplom proqramına sənəd qəbuluna start verilib

06 İyun 2022
BMU-İNHA ikili diplom proqramına sənəd qəbuluna start verilib

2022/2023-cü tədris ili üçün Bakı Mühəndislik Universiteti (BMU) və Cənubi Koreyanın nüfuzlu ali təhsil müəssisəsi olan İNHA Universiteti arasında bakalavriat səviyyəsi üzrə həyata keçirilən beynəlxalq ikili diplom proqramına (BMU-İNHA İDP) dair onlayn qeydiyyat prosesinə start verilib.

Qeydiyyat prosesi üçün son tarix 10 avqust 2022-ci il saat 23:55 müəyyən edilib. Sənədlər göstərilən tarixədək onlayn anket formasında təqdim edilməlidir.

4 il müddətində ingilis dilində həyata keçiriləcək bakalavriat proqramına İnformasiya texnologiyaları, İnşaat mühəndisliyi, Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisasları üzrə hər biri 32 nəfər olmaqla 128 nəfərin qəbulu nəzərdə tutulur.

Beynəlxalq ikili diplom proqramına qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qəbul imtahanlarının (bakalavriat səviyyəsi üzrə) nəticələri və İNHA Universiteti tərəfindən keçirilən daxili müsabiqə əsasında aparılacaq. BMU-İNHA İDP-də Azərbaycan Respublikasının vətəndaşı olan, 2022-ci ildə DİM imtahanlarında iştirak etmiş və uğurla keçən 1-ci ixtisas qrupunun abituriyentləri, eyni zamanda İDP-nin hər ixtisas üzrə müəyyən edilmiş müvafiq keçid balını toplamış namizədlər iştirak edə bilər.

Təhsilalanların təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri, habelə Koreya Respublikasında 1 illik təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri də “2019-2023 Dövlət Proqramı” tərəfindən qarşılanır.

Proqramla bağlı ətraflı məlumatı elandan əldə etmək mümkündür.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər