Bakı Mühəndislik Universiteti ilə İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (BMU-İNHA İDP) çərçivəsində 2023/2024-cü tədris ili üzrə bakalavriat pilləsinə qəbul imtahanı keçirilib.
İNHA Universitetinin nümayəndələri tərəfindən avqust ayının 12-də təşkil olunmuş imtahanda 300-dən çox namizəd qeydiyyatdan keçib, 246 nəfər iştirak edib.
3 saat davam edən imtahan 3 hissədən ibarət olub. Birinci hissədə namizədlər imtahan qaydaları haqqında məlumatlandırılıb, digər iki hissədə isə riyaziyyat, fizika və ingilis dili fənni üzrə olan sual tapşırıqlarını cavablandırıblar.
Daxili imtahan nəticələrinin 17 avqust tarixində açıqlanması planlaşdırılır.
2023/2024-cü tədris ilində İnformasiya texnologiyaları, Elektrik mühəndisliyi, Elektronika mühəndisliyi və İnşaat mühəndisliyi ixtisasları üzrə ümümilikdə 123 nəfər tələbənin qəbulu planlaşdırılır. BMU-İNHA İDP-yə qəbul olunmuş namizədlərin siyahısı Elm və Təhsil Nazirliyinə göndərilərək, DİM-də rəsmi olaraq qeydiyyata alınır.
3+1 modelinə əsaslanan proqrama görə, tədrisin 3 ili BMU, 1 ili isə İNHA Universitetində həyata keçiriləcək. BMU-da 3 illik təhsil müddəti ərzində müvafiq dil bacarıqlarını formalaşdırmaq üçün proqramın şərti olan Koreya dili dərsləri hər semestr tədris olunacaq və tələbələr müvafiq olaraq “TOPİK” sertifikatı əldə etmək üçün imtahanlarda iştirak edəcəklər.
Təhsilalanların Koreya Respublikasında 1 illik tam təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri, habelə təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri də “2019-2023 Dövlət Proqramı” tərəfindən qarşılanır. Təhsil müddətinin sonunda tələbələrə təhsil aldıqları ixtisas üzrə həm BMU, həm də İNHA Universiteti tərəfindən bakalavriat səviyyəsi üzrə diplomlar təqdim ediləcək.
Qəbul prosesi 2020-ci ildən həyata keçirilən BMU-İNHA İDP çərçivəsində hal-hazırda 270-dən çox tələbə təhsil alır.
Xatırladaq ki, 2022/2023-cü tədris ilində BMU-İNHA İDP-yə qəbul üzrə yüksək göstəricilər əldə edilib və yüksək müsabiqə vəziyyəti bütün ixtisaslar üzrə qeydə alınıb.
İDP çərçivəsində oxumaq şansı əldə etmiş 116 tələbənin 50 nəfəri 500-600 arası, 49 nəfəri isə 600 baldan çox nəticə göstərmiş abituriyentlərdir. Bu da son iki qəbul ili ilə müqayisədə 500 və 600 bal toplayan tələbələrin say nisbətində müvafiq olaraq, 58% və 54% artım deməkdir.
Yüksək nəticələr bir daha təsdiq edir ki, BMU-İNHA İDP-nin fəaliyyət planının icrası nəticəsində əsas keyfiyyət göstəricilərindən biri olan daha istedadlı və yüksək bal toplamış tələbələrin proqrama cəlbi uğurla təmin olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi