BMU-İNHA ikili diplom proqramına 2023/2024-cü tədris ili üzrə qəbul davam edir

16 İyun 2023
BMU-İNHA ikili diplom proqramına 2023/2024-cü tədris ili üzrə qəbul davam edir

İyun ayının 5-dən etibarən 2023/2024-cü tədris ili üçün Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının nüfuzlu ali təhsil müəssisəsi olan İNHA Universiteti arasında bakalavriat səviyyəsi üzrə həyata keçirilən beynəlxalq ikili diplom proqramına (BMU-İNHA İDP) dair onlayn qeydiyyat prosesinə start verilib. Qeydiyyat prosesi üçün son tarix 9 avqust 2023-cü il saat 23:55 müəyyən edilib. Sənədlər göstərilən tarixədək onlayn anket formasında təqdim edilməlidir.

İngilis dilində 4 il müddətində həyata keçiriləcək bakalavriat proqramına İnformasiya texnologiyaları ixtisası üzrə 35, İnşaat mühəndisliyi ixtisası üzrə 25, Elektrik mühəndisliyi ixtisası üzrə 28 və Elektronika mühəndisliyi ixtisası üzrə 35 nəfər olmaqla, ümumilikdə 123 nəfərin qəbulu nəzərdə tutulur.

Təhsilalanların təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri, habelə Koreya Respublikasında 1 illik təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri də “2019-2023 Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində qarşılanır.

Proqramın tədrisi 3 il müddətində BMU, 1 il müddətində isə İNHA Universitetində nəzərdə tutulur. Təhsil müddətinin sonunda tələbələrə təhsil aldıqları ixtisas üzrə həm BMU, həm də İNHA Universiteti tərəfindən bakalavriat səviyyəsi üzrə diplomlar təqdim ediləcək. Proqramın məzunlarının qazanacağı bilik və bacarıqlar qeyd olunan 4 ixtisas üzrə mühəndislik sahələri, tədqiqat, beynəlxalq təhsil, təhlil və inkişaf sahələrini əhatə edəcək.

Beynəlxalq ikili diplom proqramına qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qəbul imtahanlarının (bakalavriat səviyyəsi üzrə) nəticələri və İNHA Universiteti tərəfindən keçirilən daxili müsabiqə əsasında aparılacaq. Azərbaycan Respublikasının vətəndaşı olan və 2023-cü ildə DİM imtahanlarından uğurla keçərək (1-ci ixtisas qrupunun abituriyentləri) BMU-İNHA İDP-nin hər ixtisas üzrə müəyyən edilmiş müvafiq keçid balını toplamış namizədlər müsabiqədə iştirak edə bilər.

Proqrama müraciət etmiş namizədlər üçün daxili imtahan riyaziyyat, fizika və ingilis dili üzrə yazılı formada təşkil edəcək. Daxili imtahanda iştirak etmək üçün “onlayn anket formasını” doldurmaq mütləqdir.

BMU-İNHA İDP-yə qəbul üçün daxili imtahan avqustun 12-də keçiriləcək. İmtahan nəticələri isə avqustun 17-də elan ediləcək.

Proqramla bağlı ətraflı məlumatı elandan əldə edə bilərsiniz.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər