“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində mühəndislik ixtisasları üzrə Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramına (BMU-İNHA İDP) sənəd qəbulu və imtahan tarixləri məlum olub.
Belə ki, 2023/2024-cü tədris ili üçün BMU və nüfuzlu ali təhsil müəssisəsi olan İNHA Universiteti tərəfindən bakalavriat səviyyəsi üzrə gerçəkləşdirilən beynəlxalq ikili diplom proqramına onlayn qeydiyyat 5 iyun - 9 avqust 2023-cü il tarixlərində baş tutacaq.
İngilis və Koreya dilində 4 il müddətində həyata keçiriləcək bakalavriat proqramı İnformasiya texnologiyaları, İnşaat mühəndisliyi, Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisaslarını əhatə edir.
Proqramın tədrisi 3+1 modelinə əsaslanaraq, 3 il müddətində BMU-da, 1 il müddətində isə İNHA Universitetində nəzərdə tutulur. Təhsil müddətinin sonunda tələbələrə təhsil aldıqları ixtisas üzrə həm BMU, həm də İNHA Universiteti tərəfindən bakalavriat səviyyəsi üzrə diplomlar təqdim ediləcək.
Təhsilalanların Koreya Respublikasında 1 illik tam təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri, habelə təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri “2019-2023 Dövlət Proqramı” tərəfindən qarşılanır. Proqramın məzunlarının qazanacağı bilik və bacarıqlar qeyd olunan 4 ixtisas üzrə mühəndislik sahələri, tədqiqat, beynəlxalq təhsil, təhlil və inkişaf sahələrini əhatə edəcək.
2023/2024-cü tədris ili çərçivəsində İnformasiya texnologiyaları ixtisası üzrə 35 nəfər, Elektronika mühəndisliyi ixtisası üzrə 35 nəfər, Elektrik mühəndisliyi ixtisası üzrə 28 nəfər, İnşaat mühəndisliyi ixtisası üzrə 25 nəfərin qəbul edilməsi planlaşdırılır.
Beynəlxalq ikili diplom proqramına qəbul Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək qəbul imtahanlarının (bakalavriat səviyyəsi üzrə) nəticələri və İNHA Universiteti tərəfindən təşkil olunacaq daxili imtahan əsasında aparılır. BMU-İNHA İDP-də Azərbaycan Respublikasının vətəndaşı olan, 2023-cü ildə DİM imtahanlarından uğurla keçən 1-ci ixtisas qrupunun abituriyentləri (BMU-İNHA İDP-nin hər ixtisas üzrə müəyyən edilmiş müvafiq keçid balını toplamış namizədlər) iştirak edə bilər. Bundan əlavə, proqrama müraciət etmiş namizədlər BMU ilə İNHA Universitetinin birgə təşkil etdiyi və yazılı formada olan Riyaziyyat, Fizika və İngilis dili üzrə daxili imtahandan da uğurla keçməlidir. Daxili imtahanda iştirak etmək üçün namizədlər tələb olunan sənədləri “onlayn anket forması”na daxil etməlidir (5 iyun tarixindən aktiv olacaq.) Sənədlərin son qəbul tarixi 09.08.2023-cü il saat 23:55-dir. Sənədlər göstərilən tarixədək onlayn anket formasında təqdim edilməlidir.
BMU-İNHA İDP-yə qəbul üçün daxili imtahan 12 avqust tarixində keçiriləcək. İmtahan nəticələri isə 17 avqust tarixində elan ediləcək.
Proqramla bağlı ətraflı məlumatı elandan əldə edə bilərsiniz.
İctimaiyyətlə əlaqələr şöbəsi