BMU-İNHA ikili diplom proqramı Koreya mətbuatında

04 Dekabr 2023
BMU-İNHA ikili diplom proqramı Koreya mətbuatında

Koreya Respublikasının (Cənubi) aparıcı media saytında Bakı Mühəndislik Universiteti (BMU) və İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramı (İDP) haqqında məqalə (https://n.news.naver.com/article/020/0003533148?sid=102) dərc olunub.

Məqalədə Koreyanın ilk universitet təhsili ixrac modelini yaradan İNHA Universitetinin “Təhsildə Koreya dalğası” yaratmaq məqsədi ilə hazırda beynəlxalq təhsil mübadiləsi üzrə iki layihəni həyata keçirdiyi vurğulanıb. Sözügedən layihələrdən biri Azərbaycanın Bakı Mühəndislik Universiteti ilə birgə icra olunan ikili diplom proqramdır.

Məqalədə BMU ilə İNHA Universitetinin 2020-ci ildən etibarən “3+1” modeli əsasında həyata keçirdiyi ikili diplom proqramının şərtləri də qeyd olunub. Bildirilib ki, iki ali təhsil müəssisəsi arasında əvvəlcədən rəsmi təsdiqlənmiş kurikuluma əsasən, yerli tələbələrin üç il BMU-da təhsil alması, ixtisasla yanaşı, Koreya dil biliklərinə yiyələnməsi, son bir il müddətində isə İNHA Universitetində təhsillərini tamamladıqdan sora hər iki universitetdən dərəcələr alması nəzərdə tutulur.

Eyni zamanda, informasiya texnologiyaları, elektronika mühəndisliyi, elektrik mühəndisliyi və inşaat mühəndisliyi kimi proqram ixtisaslarında 386 tələbənin təhsil alması, onlardan 61 nəfərin hazırda dördüncü kursu İNHA Universitetində davam etdirməsi və gələn il proqramın ilk məzunlarının olacağı vurğulanıb.  Məqalədə 61 nəfərdən biri Aysel Həsənova soyadlı tələbənin fikirlərinə də yer ayrılıb: “Təkcə keyfiyyətli dərs sistemi deyil, həm də Koreya mədəniyyəti ilə tanış olmağa imkan verən bir çox proqramlarda iştirak etdiyimdən universitet həyatım maraqlı və məhsuldar keçir. Bu 1 il ərzində səylə çalışaraq iki ölkə arasındakı münasibətlərin inkişafına töhfə vermək istəyirəm".

Sonda İNHA Universitetinin beynəlxalq təhsil əməkdaşlığı layihəsinin Azərbaycanda uğurlu olduğu və uzunmüddətli perspektivdə əməkdaşlıq layihəsinin genişləndirilməsinin planlaşdırıldığı diqqətə çatdırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər