Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında bakalavriat səviyyəsində mühəndislik ixtisasları istiqaməti üzrə icra olunan ikili diplom proqramı (İDP) çərçivəsində növbəti "Açıq Qapı" günü keçirilib.
Abituriyent və valideynlərin iştirak etdiyi tədbirdə BMU-İNHA İDP-nin idarə edilməsi bölməsinin direktoru Humay Cəfərli proqramla bağlı geniş təqdimatla çıxış edib. H.Cəfərli “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində reallaşdırılan ikili diplom proqramının məqsəd və hədəfləri, üstünlükləri, tələbələr üçün yaratdığı geniş imkanlardan söz açıb.
BMU-İNHA İDP üzrə layihə direktoru Yang Hyunjin qəbul şərtlərinə diqqət çəkərək qeyd edib ki, 3+1 modeli əsasında qurulan proqrama uyğun olaraq, tələbələr 3 akademik ili BMU-da, 1 akademik ili - sonuncu kursu isə İNHA Universitetində təhsil almalıdırlar. O, Koreyada təhsil mühiti, o cümlədən İNHA Universitetinin fəaliyyət istiqamətləri, professor-müəllim heyətinin tərkibi və onların tədrislə yanaşı, həyata keçirdikləri elmi- tədqiqat işləri, burada təhsilalanlar üçün təşkil olunan yüksək şərait, tələbələr üçün yaradılan fürsətlər, məzunların karyera imkanları və s. barədə danışıb.
BMU-İNHA İDP-nin tələbələrlə iş üzrə mütəxəssisi Nurlanə Abaslı isə artıq ikili diplom proqramı çərçivəsində 2023/2024-cü tədris ili üzrə tələbə qəbuluna start verildiyini deyib. Onlayn sənəd qəbulunun 9 avqust tarixinə qədər davam edəcəyini vurğulayan mütəxəssis ixtisaslar üzrə planlaşdırılan qəbul kvotası, qəbul şərtləri, müraciət proseduru, ixtisaslar üzrə ballar, maliyyə xərcləri və s. barədə ətraflı məlumat verib.
Tədbirdə qeyd edilib ki, 4 qəbul ilini əhatə edən, tədrisi ingilis dilində aparılan bakalavr proqramına İnformasiya texnologiyaları, İnşaat mühəndisliyi, Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisasları üzrə ümumilikdə müqavilə müddətində 400 nəfərin qəbul olunması nəzərdə tutulub. 2023/2024-cü tədris ili üzrə iə İnformasiya texnologiyaları ixtisası üzrə 35, İnşaat mühəndisliyi ixtisası üzrə 25, Elektrik mühəndisliyi ixtisası üzrə 28, Elektronika mühəndisliyi ixtisası üzrə 35 nəfər olmaqla, ümumilikdə 123 nəfərin qəbulu planlaşdırılır.
Görüşdə BMU-İNHA İDP-nin Elektronika mühəndisliyi ixtisasının III kurs tələbəsi Sübahan Abdullayev və İnformasiya texnologiyaları ixtisasının III kurs tələbəsi Mahmud Səmədzadə də çıxış edərək, proqramla bağlı təəssüratlarını paylaşıblar.
"Açıq Qapı" günü görüş iştirakçılarının suallarının cavabandırlması ilə başa çatıb.
İctimaiyyətlə əlaqələr şöbəsi