Bakı Mühədislik Universiteti (BMU) ilə Cənubi Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramına əsasən imzalanmış müqavilə çərçivəsində Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisaslarının tələbələri üçün İNHA Universitetinin professorları tərəfindən “Xüsusi mühazirə”lər keçirilib.
26 və 28 iyul 2021-ci il tarixlərində təşkil olunan “Xüsusi mühazirə”lərdə İNHA Universitetinin professorları Mr. Kwang Sub Yoon və Mr. Paik-Kyun Shin elektrik və elektronika mühəndisliyi üzrə 4 -cü sənaye inqilabı dövrü, ağıllı və yaşıl şəhər, elektrikli və avtonom mobil sistemi, robot və avatar üçün nəzərdə tutulmuş elektrik mühəndisliyi barədə ətraflı məlumat veriblər.
Professor Paik-Kyun Shin təqdimatında İNHA Universitetinin Elektrik və Elektronika mühəndisliyi ixtisasının məzunlarının 50.4 faizinin Cənubi Koreyanın məhşur şirkətlərində (SAMSUNG, LG/LS, HYUNDAI, SK/Hynix, HYOSUNG və POSCO) işlə təmin olunması barədə danışıb və bununla bağlı statistikanı açıqlayıb.
Xatırladaq ki, BMU ilə İNHA Universiteti arasında mühəndislik ixtisasları üzrə bakalavriat səviyyəsində beynəlxalq ikili diplom proqramının həyata keçirilməsinə ötən il start verilib və bu prosesin icrası davam edir. 2021/2022-ci tədris ili üçün BMU ilə İnha Universiteti arasında ikili diplom proqramı üzrə sənəd qəbuluna artıq start verilib.
Məlumat üçün bildirək ki, BMU-İNHA ikili diplom proqramına qəbul üçün daxili imtahan 17 avqust (yazılı) və 19 avqust (şifahi) tarixlərində keçiriləcək. İmtahan nəticələri isə 23 avqustda elan olunacaq. Proqrama sənədlərin son qəbul tarixi 14 avqust 2021-ci ildir. Sənədlər göstərilən tarixədək onlayn anket formasında təqdim edilməlidir. İkili diplom proqramı haqqında daha ətraflı məlumatı BMU-nun rəsmi veb səhifəsindən əldə etmək mümkündür.
İctimaiyyətlə əlaqələr şöbəsi