Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının İNHA Universitetinin birgə həyata keçirdiyi beynəlxalq ikili diplom proqramına (İDP) 2023/2024-cü tədris ili üzrə qəbul olmuş tələbələrlə görüş keçirilib.
Görüşdə çıxış edən BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Manafəddin Namazov İDP-yə qəbul olan tələbələri təbrik edib. Yüksək bal toplamış tələbələrin proqrama cəlb olunması yönündə görülən işlərə, əldə olunan müsbət nəticələrə diqqət çəkən prorektor universitetdə tələbələr üçün yaradılan təhsil mühiti, mühəndislik ixtisasları üzrə tam dövlət təqaüdlü proqramın əhəmiyyəti və digər məsələlərdən ətraflı danışıb.
BMU-İNHA İDP üzrə layihə direktoru Yang Hyunjin çıxışında proqrama builki qəbul üzrə yüksək nəticələrə toxunub. Proqram barədə zəruri məlumatları təqdim edən layihə direktoru ingilis və koreya dilinin mənimsənilməsinin vacibliyini önə çəkib.
Sonra tədbirdə BMU-İNHA İDP-nin tələbələrlə iş üzrə mütəxəssisi Nurlanə Abaslı, tədris işləri üzrə mütəxəssis Əsmər İbadova, Mühəndislik fakültəsinin dekanı Hüseyn Mirzəyev və dekan müavini Osman Mirzəyev çıxış ediblər. Çıxışlarda proqram barədə ətraflı informasiyalar, ümumi qaydalar, şərtlər nəzərə çatdırılıb, eyni zamanda dərslərin təşkili, universitetin tələbə mühiti, nizam-intizam qaydaları və digər məsələlərdən söz açılıb.
Tədbirdə valideyn və tələbələri maraqlandıran suallar cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi