Bakı Mühəndislik Universitetində (BMU) “Mənim gələcək hədəflərim” mövzusunda elan edilmiş müsabiqə qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Universitetin Xarici dillər kafedrasının təşkilatçılığı ilə reallaşdırılan müsabiqə BMU və Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (İDP) üzrə təhsil alan II və III kurs tələbələri arasında baş tutub.
Tədbirdə müsabiqənin mahiyyəti barədə məlumat verən adıçəkilən kafedranın müdiri, dosent Ətrabə Gül qaliblərin ümumilikdə 70-dən artıq tələbə arasından seçildiyini deyib. Qeyd olunub ki, şərtlərə əsasən, tələbələr BMU-İNHA İDP-ni nə üçün seçdikləri ilə bağl düşüncələrini essedə (ingilis dilində) 800-1000 sözlə ifadə ediblər. Münsiflər heyətinin qərarına uyğun olaraq, hər yer üzrə 3 qalib (I yer- Sabir Eyvazlı, Nurcan Fərzizadə, Əminə İslam; II yer - Anar Rzayev, Nəzrin Quliyeva, Cavidan Məmmədov; III yer - Səid Quluzadə, Amani Sultanov, Sübhan Abdullayev) müəyyənləşdirilib.
Müsabiqənin qalibləri sertifikat və hədiyyələrlə, fərqlənən iştirakçılar isə həvəsləndirici mükafatlarla təltif olunublar.
Bununla yanaşı, proqramın 2 tələbəsi (Süleyman Bünyadzadə, Anar Rzayev) “Qarabağda ekoloji terrora son!” elmi-praktiki konfransındakı fəaliyyətinə görə sertifikatla təltif edilib.
Sonra BMU-İNHA İDP-nin idarə edilməsi bölməsinin direktoru Humay Cəfərli, proqram üzrə layihə direktoru Yang Hyunjin çıxış edərək qaliblərə uğurlar arzulayıblar. Çıxış edənlər, eyni zamanda, mühəndislik sahəsi üzrə tam dövlət təqaüdlü beynəlxalq ikili dövlət proqramı ilə bağlı yeniliklər haqda məlumat veriblər.
Tədbirdə BMU-İNHA İDP ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi