Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev Koreya Respublikasının (Cənubi) İNHA Universitetinin Qlobal Təhsil Layihəsi Qrupunun nümayəndələri ilə görüşüb.
Görüşdə BMU ilə İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramının (İDP) icra vəziyyəti ilə bağlı aparılan monitorinqlərin ilkin nəticələri müzakirə olunub.
Öncə Layihə Qrupunun dekanı Min Kyung Jin 4-6 dekabr tarixlərini əhatə edən monitorinqin nəticələrinə həsr olunmuş hesabatla çıxış edib. Ümumilikdə ilkin nəticələrin və təəssüratların müsbət olduğunu vurğulayan Layihə Qrupunun rəhbəri 2022/2023-cü tədris ilində BMU-İNHA İDP-yə qəbul olunmuş tələbələrin biliyinin qiymətləndirilməsi məqsədilə iki istiqamət (fizika və riyaziyyat fənləri) üzrə keçirilmiş imtahanlara toxunub. Min Kyung Jin universitetdə keyfiyyətli təhsilin təminatı üçün görülən işlərlə bağlı BMU rəhbərliyinə və müəllim kollektivinə minnətdarlığını bildirib.
Proqramın icrası üzrə rast gəlinən problemlərin diaqnostikasından söz açan qonaq müsahibədə iştirak edən tələbələrin dilə gətirdikləri məsələlər sırasında ilk yeri Koreya dilinin mənimsənilməsi ilə bağlı çətinliklərin tutduğunu söyləyib.
Qısa müddətdə məhsuldar çalışan monitorinq qrupunun nümayəndələrinə təşəkkürünü bildirən rektor Yaqub Piriyev BMU-İNHA İDP çərçivəsində Koreya dilinin tədrisinə daha çox vaxt ayrıldığını, bununla belə qeyd olunan problemin aktuallığını saxladığına diqqət çəkib. Əcnəbi dillərin tədrisinin aktual problemlərindən söz açan, həmçinin xarici dil təlimi ilə bağlı daha əlverişli tədris metodlarının araşdırılması və tətbiqi məsələlərini vurğulayan rektor səlis nitq qabiliyyətinin formalaşdırılması, dil baryerlərinin açılması istiqamətində tövsiyələrini verib. Eyni zamanda, Koreya dilinin asan mənimsənilməsində İNHA Universitetində hazırda təhsillərini davam etdirən BMU tələbələrinin koreyalı tələbələrlə inteqrasiyasının gücləndirilməsinin səmərəli ola biləcəyini deyib.
Yaqub Piriyev İDP tələbələrinin məzun olduqdan sonra Azərbaycanın inkişafına, həmçinin iki ölkə arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəklərinə ümid etdiyini bildirib.
Sonra görüşdə İDP ilə bağlı müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib.
İctimaiyyətlə əlaqələr şöbəsi