Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) “Elektronika mühəndisliyi” ixtisası üzrə tələbəsi Hakim Musazadə hər bir gəncin xaricdə təhsil arzularını və mühəndislik sahəsində seçilən universitetdə oxumaq xəyallarını birləşdirən bu proqramı özü üçün əla bir fürsət adlandırır.
2023-2024-cü tədris ili üzrə 675.1 bal nəticə göstərərək universitet birincisi olan H.Musazadə proqramın üstünlüklərini sadalayıb, buradakı keyfiyyətli tədrisi, Koreyanın nüfuzlu şirkətləri ilə yaxından tanışlığı, sanballı akademik heyətdən dərs almağı, 3+1 modeli ilə 2 diplomu dörd il ərzində qazanmağı, bununla həm də vaxta qənaət etməyi gözəl şans kimi dəyərləndirib:”Keyfiyyətli təhsil mühüti güclü rəqabət atmosferi yaradır. Rəqabət isə həmişə inkişafa təkan verir”.
Bu beynəlxalq təhsil mühitinin tələbələrə qazandırdığı dostluqları da müsbət məqam kimi qiymətləndirən H.Musazadə birinci ilini başa vurduğu proqramın ona hələ daha çox gərəkli bacarıqlar qazandıracağına əmindir.
İctimaiyyətlə əlaqələr şöbəsi