BMU-İNHA İDP tələbələri “Yay məktəbi”ndə iştirak üçün Koreyaya yola düşüb

29 İyul 2024
BMU-İNHA İDP tələbələri “Yay məktəbi”ndə iştirak üçün Koreyaya yola düşüb

Bakı Mühəndislik Universiteti (BMU) və İNHA Universiteti arasında icra olunan tam dövlət təqaüdlü beynəlxalq ikili diplom proqramının (İDP) 122 nəfər tələbəsi Koreya Respublikasında təşkil olunan 3 həftəlik “Yay məktəbi”ndə iştirak edəcək.

Ümumilikdə 3 qrup olmaqla mərhələli şəkildə yola düşən tələbələrə BMU rektorunun müşaviri İsrafil Hacıyev, Kompüter və informasiya texnologiyaları kafedrasının müəllimi Əfsanə Quliyeva, Mühəndislik fakültəsinin tyutoru Fəqan Əmənullazadə rəhbərlik edir.

29 iyul - 16 avqust tarixlərini əhatə edəcək “Yay məktəbi”nin təşkili “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində BMU və İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramının əsas istiqamətlərindən biridir. “Yay məktəbi”ndə iştirak xərcləri Dövlət Proqramı tərəfindən qarşılanır.

Xatırladaq ki, ötən il BMU-İNHA ikili diplom proqramının 118 nəfər tələbəsi Koreya Respublikasında təşkil olunan 3 həftəlik “Yay məktəbi”ndə iştirak edib.

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər