Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının İNHA Universiteti arasında gerçəkləşdirilən ikili diplom proqramı (İDP) çərçivəsində İnformasiya texnologiyaları ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələri “Azercell Telecom” MMC-də təlim-tədris ekskursiyasında olublar. Ekskursiya “Data Communication” fənnindən praktiki dərslərin müəssisədə təşkili məqsədilə gerçəkləşdirilib.
Ekskursiyada tələbələrə naqilsiz rabitə texnologiyaları, kommutasiya sistemləri və baza stansiyaları ilə yaxından tanış olmaq imkanı yaradılıb. Bununla yanaşı, tələbələr “Azercell Telecom” MMC-nin fəaliyyət istiqamətləri və iş prinsipi haqqında da məlumatlandırılıblar.
Təlim-tədris ekskursiyası zamanı tələbələrə BMU-nun Avtomatika, telekommunikasiya və energetika kafedrasının professoru, t.e.d., Bayram İbrahimov rəhbərlik edib.
Qeyd edək ki, belə ekskursiyaların həyata keçirilməsi BMU-İNHA İDP-nin əsas istiqamətlərindən biridir.
İctimaiyyətlə əlaqələr şöbəsi