Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (İDP) üzrə təhsil alan tələbələr “Missiya:2030” hakatonunda uğurlu nəticələr göstəriblər.
Belə ki, yarışda proqram çərçivəsində İnformasiya texnologiyaları ixtisası üzrə təhsil alan II kurs tələbəsi Nəbi Şirinovun rəhbərlik etdiyi “Enigma” komandası birinci, Ayxan Ələkbərovun rəhbərlik etdiyi və tərkibində İnformasiya texnologiyaları ixtisasının II kurs tələbələri - Murad İbrahimov, Nihad Məhərrəmov və İnşaat mühəndisliyi ixtisasının II kurs tələbəsi Nəzrin Hüseynovanın olduğu “The Phantom" komandası isə ikinci yerə layiq görülüb.
Qarabağın yenidən bərpa və quruculuğuna həsr edilən hakaton Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Gənclər Dayanıqlı İnkişaf Məqsədləri üçün" layihəsi çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə həyata keçirilib.
Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl gənclər və idman naziri Fərid Qayıbov nazirliyin dəstəyi ilə beynəlxalq tədbirlərdə iştirak etmiş gənclərlə görüşüb.
Görüşdə iştirak edən BMU-nun tələbələri, ”Missiya:2030”-un mükafatçıları - Nəbi Şirinov, Murad İbrahimov, Ayxan Ələkbərov, Nihad Məhərrəmov və Nəzrin Hüseynzadə nazirə startap ideyaları, həmçinin gələcək fəaliyyətləri haqda məlumat veriblər.
İctimaiyyətlə əlaqələr şöbəsi