Bakı Mühəndislik Universiteti (BMU) ilə İNHA Universitetinin birgə icra etdiyi ikili diplom proqramının tələbələri (İDP) Koreya dili üzrə keçirilmiş III nitq müsabiqəsində uğur əldə edib. Sözügedən müsabiqə Xırdalan Seconq İnstitutunun təşkilatçılığı ilə baş tutub.
Müsabiqədə Xırdalan Seconq İnstitutunun daxilində Koreya dili öyrənən tələbələr müxtəlif mövzular üzrə çıxış ediblər. Çıxışlar başlanğıc səviyyə 1A, başlanğıc səviyyə 2A, orta səviyyə 1A və orta səviyyə 1B olmaqla, institutun müəllimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşib.
Nəticələrə əsasən, orta səviyyə 1A üzrə BMU-İNHA İDP-nin III kurs tələbələri - Səidə Hüseynli “Mənim üçün Koreya” mövzusu ilə I, Nərgiz Axundova “Koreyanın özünəməxsus hədiyyə mədəniyyəti” mövzusu ilə II, başlanğıc səviyyə 2A üzrə II kurs tələbələri - Həsən Əliyev “Koreya dili öyrənmə səyahətim” mövzusu ilə II yerə, Əli Səfərli “Gələcək planlarım” və Həcər Quliyeva “Mənim arzum” mövzuları ilə III yerə layiq görülüblər.
Bundan əlavə, başlanğıc səviyyə 1A üzrə I kurs tələbələri - Yusif Novruzlu “Gün ərzində gördüyüm işlər” mövzusu ilə I, Kənan Qabilov “Gündəlik həyat tərzi” mövzusu ilə II, Fidan Əbdülkərimova “Universitet həyatı” və Ləman Abdullazadə “Gün ərzində gördüyüm işlər” mövzuları ilə III yerin qalibləri olublar.
Başlanğıc səviyyə 1A üzrə BMU-İNHA İDP-nin digər I kurs tələbələri- Elturan Əliyev və Nəsib Qocayevə isə həvəsləndirici mükafatlar təqdim edilib.
İctimaiyyətlə əlaqələr şöbəsi