Koreya (Cənubi) Respublikasının İNHA Universitetində Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar “Azərbaycan Günü” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Koreyadakı səfirliyimizin birgə əməkdaşlığı çərçivəsində baş tutan tədbirdə Bakı Mühəndislik Universiteti və İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) tələbələri də iştirak ediblər.
Tədbirdə Azərbaycanın milli geyimlərindən ibarət guşə yaradılıb, milli mətbəximiz təqdim olunub, ölkəmizin tarixinin, mədəniyyətinin, coğrafiyasının tanıdılması məqsədilə viktorinalar keçirilib. BMU-İNHA İDP-nin “İnşaat mühəndisliyi” ixtisasının IV kurs tələbələri Anar Rzayev və Jalə Məmmədovanın təqdimatında Azərbaycan milli rəqsi nümayiş olunub.
Bundan əlavə, tədbirdə Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə İNHA Universitetinin doktorantı Leyla Məsimli və Soojin Yu tərəfindən tərcümə edilmiş “Azərbaycan nağılları” da daxil olmaqla, ölkəmizə aid kitab və rəsm əsərləri təqdim edilib.
3+1 modelinə əsaslanan BMU-İNHA İDP çərçivəsində ümumilikdə 385 tələbə təhsil alır. Onlar 3 il BMU-da, 1 il isə İNHA Universitetində təhsil almaq hüququna malikdirlər.
Proqrama uyğun olaraq BMU-nun “İnşaat mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Elektrik mühəndisliyi” və “Elektronika mühəndisliyi” ixtisasları üzrə 61 tələbəsi sonuncu kursu İNHA Universitetində başa vurur. İNHA-dan məzun olan tələbələrin Bakıya qayıtdıqdan sonra BMU-da müdafiə prosesi nəzərdə tutulur. Müdafiənin ardınca tələbələr 2 diplom alacaqlar.
İctimaiyyətlə əlaqələr şöbəsi