“BMU-İNHA İDP-nin tələbələri olmaqla, sizin üzünüzə dünyanın qapıları açılacaq. Biz - ikili diplom proqramının professor-müəllim heyəti abituriyentləri Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisaslarının tələbəsi olmağa dəvət edirik”.
Bu fikirləri Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının İNHA Universitetinin birgə icra etdiyi tam dövlət təqaüdlü, ikili diplom proqramının Elektrik və Elektronika mühəndisliyi ixtisasları üzrə müəllimi Hamed Kagazçı bildirib.
H.Kagazçı qeyd edib ki, çox fərqli istiqamətlərdən ibarət olan Elektrik mühəndisliyi bu gün sənayedə tələb edilən əsas sahələrdən biridir: “Enerjinin ötürülməsi, paylanması, generatorlar, transformatorlar, həmçinin bu sistemin mühafizəsi - hamısı bu ixtisasa aiddir. İkili diplom proqramında yüksək səviyyəli və savadlı müəllimlər tərəfindən bütün bu fənlər tədris olunur”.
O əlavə edib ki, Elektronika sahəsi də günümüzdə ən çox tələbat duyulan sahələrdən biridir və bu ixtisasa elektrik dövrələrinin, elektron avadanlıqların quruluşu, dizaynı, təmiri və s. aiddir: “Bakı Mühəndislik Universitetində bu iki ixtisasa aid energetika, elektrotexnika, analoq elektronika, rəqəmsal elektronika laboratoriyaları yüksək səviyyədə avadanlıqlarla təchiz olunub. Bizim bu 2 ixtisas üzrə təhsil alan tələbələrimiz 3 il müddətində bu laboratoriyalardan istifadə edərək, nəzəriyyədə öyrəndikləri mövzuları daha dərindən mənimsəyə biləcəklər”.
H.Kagazçı BMU-İNHA İDP tələbələrinin təhsillərini sonuncu kursda Cənubi Koreyada davam etdirməsinə də münasibət bildirib: “Tələbələrin 1 il müddətində Cənubi Koreyanın “LG” və “Samsung” kimi nəhəng şirkətləri ilə tanış olmaq füsrətləri olacaq və ola bilsin ki, savadlı tələbələrimiz elə bu şirkətlər tərəfindən işlə təmin olunsunlar”.
Qeyd edək ki, BMU ilə İNHA Universiteti arasında 2020-ci ildən həyata keçirilən birgə ikili diplom proqramı üzrə Elektrik mühəndisliyi, Elektronika mühəndisliyi, İnformasiya texnologiyaları və İnşaat mühəndisliyi ixtisaslarında bakalavr hazırlığı yeni tədris ilində də davam etdirilir. 4 il müddətində ingilis dilində həyata keçiriləcək bakalavriat proqramına qeyd olunan ixtisaslar üzrə ümumilikdə 123 nəfərin (İnformasiya texnologiyaları-35 nəfər, İnşaat mühəndisliyi-25 nəfər, Elektrik mühəndisliyi-28 nəfər, Elektronika mühəndisliyi- 35 nəfər) qəbulu planlaşdırılır.
İctimaiyyətlə əlaqələr şöbəsi