Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının (Cənubi) İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramının (İDP) tələbələri və professor-müəlim heyəti ilə müsahibələr təşkil olunub.
İDP-nin icra vəziyyəti ilə bağlı monitorinq (4-6 dekabr) keçirmək məqsədilə ölkəmizdə səfərdə olan İNHA Universitetinin Qlobal Təhsil Layihəsi Qrupu tərəfindən aparılan müsahibələrdə proqram çərçivəsində informasiya texnologiyaları, inşaat mühəndisliyi, elektrik mühəndisliyi və elektronika mühəndisliyi ixtisasları üzrə təhsil alan tələbələr və tədrisi həyata keçirən müəllimlər iştirak edib.
Müəllimlərlə təşkil edilən müsahibələrdə koreyalı mütəxəssislər İDP üzrə dərslərin keyfiyyəti, dərs materialları, tədris proqramı, tələbələrin nəticələri və s. məsələlərlə bağlı azərbaycanlı həmkarlarının rəylərini öyrəniblər.
Tələbələrlə aparılan müsahibələrdə də BMU-İNHA İDP üzrə təhsilin keyfiyyəti və səviyyəsi ilə bağlı onların düşüncə və fikirləri öyrənilib.
Monitorinqin məqsədi BMU-da İDP üzrə təhsilin cari şərtlərinin yoxlanılması, rast gəlinən problemlərin diaqnostikası, proqramın təkmilləşdirilməsi üçün ideyalar layihəsinin hazırlanması, bununla da təhsilin keyfiyyətinin daha da yüksəldilməsinə nail olmaqdır. Müsahibə nəticələri ətraflı təhlil olunduqdan sonra proqram üzrə tədrisin təkmilləşdirilməsi məqsədilə tövsiyələrin hazırlanması, bu nəticələrin mart ayında BMU-ya təqdim olunması nəzərdə tutulur.
İctimaiyyətlə əlaqələr şöbəsi